Press "Enter" to skip to content

Əcnəbi tələbələrə miqrasiya qaydaları izah olunub

Tədbir zamanı

Son yeniləmə: 7 Oktyabr 2025

BAYRAQDAR MEDİA – Azərbaycan Tibb Universitetində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları,tibbi əlçatanlıq və ölkə tanıtımı mövzularında maarifləndirmə” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İctimai Birlikdən verilən məlumata görə, tədbirdə çıxış edən Universitetin xarici tələbələrlə iş üzrə dekanı Natiq Bayramov, ali təhsil ocağında tələbələr üçün yaradılan şəraitdən, yeniliklərdən danışıb. O, Dövlət Miqrasiya Xidməti əməkdaşlarının ali məktəblərdə əcnəbi tələbələrlə görüşlərinin əhəmiyyətini vurğulayıb.
Layihə rəhbəri, DMX yanında ictimai şuranın üzvü Vidadi Fətullayev, 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik” ili kimi qeyd edildiyini bildirib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra daha da artan iqtisadi inkişafın nəticəsi olaraq, ali məktəblərdə təhsil almaq üçün gələn əcnəbi tələbələrin sayının hər il artdığını qeyd edib.

Əcnəbi tələbələrlə keçirilən maarifləndirmə tədbirlərinin vacibliyindən danışan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova, Dövlət Miqrasiya Xidməti tərəfindən atılan addımlar və mövcud miqrasiya qaydaları barədə geniş məlumat verib.

Tədbirdə iştirak edən əcnəbi tələbələri maraqlandıran suallar DMX əməkdaşları tərəfindən ətraflı cavablandırılıb və miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı maddələrinə dair izahatlar verilib. İştirakçılar, tədbirin keçirilməsinə dəstək olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Dövlət Miqrasiya Xidməti və ATU rəhbərliklərinə minnətdarlıqlarını bildiriblər.

Mission News Theme by Compete Themes.