Canavar hücumları ilə boşalmış kənd indi mədəniyyət marşrutuna çevrilib
BAYRAQDAR MEDİA – Türkiyənin İsparta vilayətinin Sütçülər rayonunda yerləşən Eski Beydilli kəndi tarixi quruluşu, orijinal memarlığı və təbiəti ilə diqqət çəkir. Uzun illər tərk edilmiş evləri və təbii mənzərəsi ilə seçilən kənd son vaxtlar təbiətsevərlərin maraq mərkəzinə çevrilib.
Bu barədə bomba32.com saytı məlumat yayıb.
Məlumata görə, Antalya Dağçılıq və Təbiət İdmanları Klubunun rəhbəri Tunçer Kurt açıqlamasında, bölgənin həm tarixi, həm də təbiət baxımından kəşf edilməyə dəyər olduğunu vurğulayıb: “Bu bölgəni çox bəyəndiyimi və qrup halında burada yürüş etdiyimizi əlavə etmək istəyirəm. Bura təbiətlə baş-başa qalmaq istəyənlər üçün ideal marşrutdur”.
Məlumarda qeyd edilir ki, kənd Köprülü Kanyon mənzərəsinə hakim bir yamacda yerləşir: “Ardıc və sərv ağaclarından tikilən evlər daş və ağacın mükəmməl uyumunu əks etdirir. “Hatıl” və “quru divar” kimi ənənəvi üsullarla inşa olunan tikililər memarlıq baxımından mühüm dəyərə malikdir. Evlərin alt mərtəbələri tövlə, yuxarı mərtəbələri isə yaşayış sahəsi kimi nəzərdə tutulub. Taxta eyvanlar – yəni “hayat” hissələri – kənd memarlığının ən diqqətçəkən detallarıdır”.
O da vurğulanır ki, Beydilli bir vaxtlar xırdabuynuzlu heyvandarlıqla məşğul idi: “Lakin baş verən canavar hücumları nəticəsində kəndlilər bu sahəni tərk etdilər və kənd böyük ölçüdə boşaldı. Bu gün orada yalnız bir neçə ailə yaşayır. 2006-cı ildə Isparta Valiliyi tərəfindən “Eko-Mədəniyyət Kəndi” elan edilən Beydillidə səkkiz ənənəvi ev bərpa edilərək qonaqlama üçün istifadəyə verilib. Kənddə Türkmən Yörük mədəniyyətinin izləri qorunub saxlanılır və ənənəvi həyat tərzi hələ də davam edir”.
Bildirilir ki, sərt daş yollarla gedilə bilən kənd, həm təcrid olunmuşluğunu qoruyur, həm də fotoqraflar və yürüş qrupları üçün alternativ istiqamət təklif edir: “Tunçer Kurtun rəhbərlik etdiyi yürüş qrupu bölgənin həm təbiət, həm də mədəni baxımdan çox zəngin olduğunu qeyd edib. Təbiətlə mədəniyyətin iç-içə keçdiyi bu səssiz kənd, kəşf edilməyi gözləyən bir marşrut kimi diqqət çəkir”.





