BAYRAQDAR MEDİA – İhlas Xəbər Agentliyinin (İHA) Iğdır müxbiri Sebahattin Yum, tarixi əhəmiyyətə malik Zəngəzur dəhlizi marşrutu boyunca son vəziyyəti yerində araşdırıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, Sebahattin Yum, bölgənin strateji nöqtəsi sayılan Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərinə bağlı Kotam kəndinə gedərək sahədəki işləri lentə alıb: “Azərbaycan və Ermənistan arasında uzun illər müzakirə mövzusu olan dəhlizin açılması təkcə bu iki ölkəyə deyil, həm də bütün regionun ticarət və nəqliyyat şəbəkəsinə təsir edəcək. Kotam kəndi dəhliz fəaliyyətə başladıqdan sonra beynəlxalq ticarətin yeni keçid nöqtələrindən birinə çevriləcək. Kənd sakinləri dəhlizin açılması ilə iqtisadi və sosial baxımdan canlanma gözləyir. Zəngəzur dağları Ermənistan ilə Naxçıvan arasında təbii sərhəd rolunu oynayır və sovet dövründə mövcud olmuş köhnə dəmir yolu xəttinin yenidən istifadəyə veriləcəyi ehtimal olunur”.
Məlumatda həmçinin “Azərbaycan tərəfdə elektrik infrastrukturu və yeni xətlərin çəkilməsi sürətlə davam edir, dəhlizin beynəlxalq əhəmiyyəti isə getdikcə artır. Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün region üçün iqtisadi inteqrasiya və sülhün simvoluna çevrilmək yolundadır” deyə qeyd edilir.
https://www.youtube.com/watch?v=8L14Ng7Ttxo





