BAYRAQDAR MEDİA – MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvləri və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) rəhbəri Radil Fətullayev Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsini icra edən professor Əminağa Sadıqovla görüş keçirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya “MÜSİAD Azərbaycan”dan məlumat verilib.
Bildirilib ki, “görüş zamanı Əminağa Sadıqov universitetin fəaliyyəti, təhsil və elmi sahələrdə həyata keçirilən layihələr, həmçinin gələcəkdə reallaşdırılması nəzərdə tutulan proqramlar barədə ətraflı məlumat verib. MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli də öz növbəsində İctimai Birliyin fəaliyyəti və strateji hədəfləri haqqında geniş məlumat verib. Eyni zamanda, Təhsil və Mədəniyyət Komissiyasının həyata keçirdiyi layihələr təqdim olunmuş, təhsil sahəsində mümkün əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb”.
Məlumata görə, tərəflər arasında aparılan müzakirələrin əsas mövzularından biri də gənclərin əmək bazarına hazırlanması və onların iş dünyasına inteqrasiyasının təşviqi olub: “Bu istiqamətdə ortaq proqramların, universitet–biznes əməkdaşlığının gücləndirilməsi və tələbələrin real iş mühitinə yaxınlaşdırılması məqsədilə praktik mexanizmlərin tətbiqi məsələləri gündəmə gətirilib. Görüşün əsas müzakirə mövzularından biri, 12–13 noyabr 2025-ci il tarixlərində keçirilməsi planlaşdırılan “I Beynəlxalq Maliyyə, Mühasibatlıq, Audit və Rəqəmsallaşdırma (BMMAR) Simpoziumu” olmuşdur. Simpozium Bursa Uludağ Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, KOBİA, ASK, Azərbaycan Respublikası Auditorlar Palatası, Kamu Gözetim Kurumu, MÜSİAD Azərbaycan İctimai Birliyi və İATM-ın birgə təşkilatçılığı ilə reallaşdırılacaqdır”.
Məlumatda deyilir ki, simpoziumun əsas məqsədi Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında mühasibatlıq sahəsində bilik və təcrübə mübadiləsini yeni mərhələyə yüksəltməkdir: “Tədbir çərçivəsində bu sahələrdəki müasir tendensiyalar, rəqəmsallaşma prosesləri, beynəlxalq standartların tətbiqi və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunacaqdır. Hər il fərqli Türk dövlətində keçirilməsi planan simpoziumun strateji hədəfləri sırasında “Türkdilli Dövlətlərin Mühasiblər Birliyi”nin təsis olunması və bu yolla türk dövlətləri arasında iqtisadi inteqrasiyanın, qarşılıqlı etimadın, həmrəyliyin gücləndirilməsi yer alır”.





