BAYRAQDAR MEDİA – Doğu Anadolunun mühüm turizm və sağlamlıq mərkəzlərindən birinə çevrilən Iğdırın Tuzluca rayonundakı duz mağaraları həm tarixi quruluşu, həm də tənəffüs xəstəliklərinə faydalı havası ilə yerli və xarici turistlərin diqqətini cəlb edir.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, Duz Terapiya Mərkəzi kimi fəaliyyət göstərən mağaralar 2024-cü ildə 150 min nəfər tərəfindən ziyarət olunub: “Xüsusilə astma, KOAH və bronxit xəstələri üçün “şəfa qapısı” sayılan bu mərkəz bölgə turizminin parlayan ulduzuna çevrilib. Təxminən 34 milyon il əvvəl buxarlanma nəticəsində yaranmış duz təbəqələrindən ibarət olan mağaralarda tənəffüs xəstəlikləri olan ziyarətçilər üçün təbii müalicə imkanı yaranır”.
Məlumatda deyilir ki, mağaralar həm Türkiyədən, həm də Naxçıvan, Azərbaycan və İran kimi qonşu ölkələrdən gələn turistləri qəbul edir: “Mərkəzin müdiri Tuğrul Aras bildirib ki, əcnəbi qonaqlar əsasən müalicə məqsədilə gəlir və mağaranın təbii gözəlliyinə heyran qalırlar. Tuzluca Duz Mağaraları həm turizm, həm də sağlamlıq baxımından Iğdırın iqtisadiyyatına və tanıtımına mühüm töhfə verməkdə davam edir”.





