Press "Enter" to skip to content

Layihə çərçivəsində 10 təlim uğurla həyata keçirilib

Təlim zamanı

BAYRAQDAR MEDİA – “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Pediatriyada Refleksoterapiya” layihəsi çərçivəsində 10 təlim mərhələsini uğurla başa vurub.

İctimai Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi — əlilliyi olan uşaqların sağlamlığının yaxşılaşdırılması istiqamətində anaların bilik və bacarıqlarını artırmaq, onları alternativ və tamamlayıcı terapiya üsullarından biri olan refleksoterapiya ilə tanış etməkdir: “Təlimlər zamanı iştirakçı analara refleksoterapiya haqqında ümumi anlayışlar, bu sahədə istifadə olunan cihaz və alətlər, uşaq sağlamlığında refleksoterapiyanın rolu, refleksoterapiya metodları və onların tətbiqi qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, refleksoterapiyanın uşaqlarda ağrıların azaldılması, immunsistemin möhkəmləndirilməsi, stres və narahatlığın azaldılması kimi müsbət təsirləri barədə praktiki biliklər təqdim olunub”.

Təlimlərdə iştirak edən analar yalnız nəzəri biliklərlə kifayətlənməyib, həm də praktik məşğələlərdə iştirak edərək refleksoterapiya texnikalarının tətbiqini yerində öyrəniblər. Bu, onların öz övladlarının reabilitasiya prosesinə daha fəal şəkildə qoşulmasına imkan yaradır.

Mission News Theme by Compete Themes.