BAYRAQDAR MEDİA – “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbiri Lənkəran şəhərində 1 nömrəli tam orta məktəbdə keçirilib.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən layihə rəhbəri Elnurə Abuşova tədbirin təşkilinə göstərilən dəstəyə görə Lənkəran Şəhər İcra Hakimiyyətinə, Elm və Təhsil Nazirliyinə, Lənkəran-Astara Regional Təhsil İdarəsinə və Lənkənar şəhər Mediasiya Təşkilatına təşəkkür bildirib: “Layihə rəhbəri çıxışında layihənin məqsədləri və əhəmiyyətindən danışaraq, erkən nikahların qarşısının alınmasında valideynlərin və təhsil müəssisələrinin rolunun vacibliyini vurğulayıb. O, qızların təhsildən yayınmamasının, sosial inkişaf imkanlarının artırılmasının və erkən nikah risklərindən qorunmasının cəmiyyət üçün önəmini qeyd edib”.
Sonra çıxış üçün söz Lənkəran 1 saylı Mediasiya Təşkilatının direktoru Ramin Şükürova verilib: “R. Şükürov təhsilli qızların üstünlüklərindən danışaraq təəssüflə bildirib ki, bəzi gənc qızların arzuları başqalarının qərarları ilə tükənir. Erkən nikahlar onların təhsil yolunu yarımçıq qoyur, arzularını gerçəkləşdirməyə imkan vermir”.
Qeyd olunub ki, cəmiyyət və yerli icmalar isə erkən nikahların qarşısını almaqda aktiv rol oynamalıdır. Çünki qızların vaxtını dəyərləndirmək, onların təhsilini qorumaq yalnız bir ailənin deyil, bütün cəmiyyətin gələcəyinə sərmayə qoymaq deməkdir.
Sonra Lənkəran 1 saylı Mediasiya Təşkilatının Astara rayonu üzrə mediatoru Orxan İbrahimov, Lənkəran şəhəri üzrə təhsil sektorunun aparıcı məsləhətçisi, məktəbdənkənar və tərbiyə işlərinin kuratoru Axundzadə Cəmilə, “Ümidli Gələcək” təşkilatının nəzdində fəaliyyət göstərən çıxış edib.
Tədbirin yekununda iştirakçılarla birlikdə “Uşaq Qaynar Xətti”nə zəng edilib və uşaqlar müraciət prosesini praktik olaraq müşahidə ediblər.





