BAYRAQDAR MEDİA – Türkiyədə rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 9-da Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Ankarada keçirilən görüşdə iki qardaş ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi qeyd olunub. Müdafiə nazirləri Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğunu xüsusi vurğulayıblar. Əlaqələrin möhkəmləndirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub və bundan sonra da uğurla inkişaf etdiriləcəyi əminliklə bildirilib”.
Daha sonra xəbərdə, “ikitərəfli formatda keçirilən görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin regional təhlükəsizlik, bölgədə dayanıqlı sülhün, sabitliyin təmin edilməsi yolları və digər mövzular müzakirə edilib” deyə bildirilir.





