BAYRAQDAR MEDİA – Eskişehir və ətrafında ciddi su böhranı riski meydana çıxıb.
Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.
Məlumata görə, Eskişehir Ətraf Mühit Qoruma və İnkişaf Dərnəyinin (ESCEVDER) sədri Sadık Yurtman Türkiyədə, xüsusilə də Eskişehir və ətraf bölgələrdə su ehtiyatlarının getdikcə azalması və su qıtlığı riskinin artması ilə bağlı mühüm xəbərdarlıq edib: “S.Yurtman, artan əhali, iqlim dəyişikliyi və mədənçilik fəaliyyətlərinin su mənbələri üzərində böyük təzyiq yaratdığını vurğulayıb. O, qeyd edib ki, Akşehir gölü tamamilə quruyub, Beyşehir, Eber, Acıgöl kimi bir çox göl can çəkişir. Porsuk bəndində su səviyyəsi 30 faizə qədər azalıb, Seyitgazi bəndlərində isə artıq su qalmayıb”.
Məlumata əsasən, xüsusilə mədənçilik sektorunun su sərfiyyatının təhlükəli səviyyələrə çatdığını bildirən S.Yurtman, Uşakda yerləşən qızıl mədəninin illik su sərfiyyatının bölgə əhalisinin ümumi istehlakından çox olduğunu qeyd edib: “O, həmçinin yeni açılması planlaşdırılan mədən layihələrinin su ehtiyatlarına mənfi təsir göstərəcəyinə diqqət çəkib. S.Yurtman bildirib ki, Türkiyədə bir nəfərə düşən illik su miqdarı 2020-ci ildə 1346 kubmetr idisə, 2050-ci ildə bu rəqəm 1120 kubmetrə qədər azalacaq və su qıtlığı sərhədi sayılan 1000 kubmetrə yaxınlaşacaq”.





