BAYRAQDAR MEDİA – “Üfüq Xeyriyyə” Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” layihəsini həyata keçirir.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Məlumata görə, layihənin məqsədi bullinqə məruz qalan və məruz qalma təhlükəsi ilə üzləşən, şagird davranış qaydalarına əməl etməyən uşaqlar arasında maarrifləndirmə işlərinin aparılması, onların psixoloji vəziyyətlərinin qiymətləndirilməsi, öz hüquqlarını müdafiə etmələrini təmin etmək üçün hüquqi, sosial və psixoloji istiqamətlər üzrə ictimai vəkilliyin aparılmasıdır. Layihə çərçivəsində təlim keçirilib. Təlimdə çıxış edən layihə rəhbəri Nuriyyə Abbasova layihənin əsas məqsədi və bulliqn mövzusunun aktuallığından bəhs edib: “Təlim Bakı şəhərində yerləşən 83 saylı məktəb-liseydə həyata keçirilib və 25-dən çox məktəbli cəlb edilib. Təlimçi Sara Ağayeva tərəfindən “Bullinq nədir?” adlı maarifləndirici və praktiki təlim keçirilib, təlimdə bullinq haqqında ümumi məlumat verilib, təlim zamanı məktəblilər arasında keçirilən praktiki oyunlar sayəsində “Bullinqi necə tanımaq olar?, “Bu halla qarşılaşarlarsa necə öhdəsindən gələ bilərlər?” kimi sualların cavabları onlara aşılanıb. Təlimin növbəti sessiyasında psixoloq Aytac Hətəmli bullinqə məruz qalma hallarını aşkara çıxarmaq məqsədilə “Kaktus” modeli adlı qrup terapiyası keçirib. Bu terapiyanın məqsədi uşaqların həm zoralığa, həm də bullinqə məruz qalma hallarını müəyyən etmək olub”.
Daha sonra sosial işçi Günel Baxışova və hüquqşünas Qəmərcan Xasayzadə tərəfindən 15 məktəblinin sosial və hüquqi qiymətləndirilməsi aparılıb.





