BAYRAQDAR MEDİA – Bakıda İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, əməkdar jurnalist Şəlalə Həsənova və Özbəkistan Qadınlar və Qızlar İttifaqının sədri Nasiba Miradilova görüşüblər. Görüşdə 2024-cü ilin dekabrında Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin forumunda imzaladıqları Əməkdaşlıq haqqında memorandumun maddələrinə əsasən işgüzar müzakirə aparılıb və hazırladıqları yeni strategiya müəyyənləşdirilib. Tərəflər qadınların və qızların dayanıqlı inkişafa dair sosial və media proqramlarının hazırlanması barədə razılığa gəliblər.
Bu barədə İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyindən məlumat verilib.
Məlumata görə, QHT rəhbərləri Azərbaycan və Özbəkistan arasında imzalanan sazişlərin təsdiqlənməsinin əhəmiyyətini qeyd edərək ətraf mühitin mühafizəsi, elm, peşə təhsili istiqamətində əməkdaşlığa dair Sazişlərinin iki ölkənin ictimai birliklərinin birgə fəaliyyətinə də töhfəsini vurğulayıblar: “Ötən müddət ərzində Ş.Həsənova və N.Miradilova mütəmadi olaraq QHT fəallarının iştirakı ilə onlayn görüşlər keçirib, Azərbaycan və Özbəkistan qadınlarının yaxınlaşmasına və tanıtımına dair imkanlarını müəyyənləşdirib, müxtəlif platformalarda fikir mübadiləsi təşkil ediblər”.
Qeyd edək ki, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandıqdan sonra dövlətlərarası fəaliyyətin möhkəmləndirilməsində yeni əlamətdar mərhələ başlanıb. Bu mühüm hadisə iki ölkənin vətəndaş cəmiyyətlərinin qarşılıqlı əlaqələrinin genişlənməsində də öz əksini tapıb. 2024-cü ilin dekabr ayında Özbəkistan ilk Mərkəzi Asiya ölkəsi olaraq Azərbaycan QHT-ləri ilə Əməkdaşlıq Forumuna imza atıb və əməkdaşlıq haqqında memorandumlar imzalanıb.





