Iğdırda “Beynəlxalq Dədə Qorqud Konfransı” keçirilib
BAYRAQDAR MEDİA – Iğdır Universitetinin ev sahibliyi ilə keçirilən “Beynəlxalq Dədə Qorqud Konfransı” keçirilib. Konfransda Türkiyə və Azərbaycandan gələn alimlər Dədə Qorqudun mədəni və ədəbi irsini müzakirə ediblər.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, tədbir Naxçıvan Dövlət Universiteti, Iğdır Azərbaycan Evi və Azərbaycanın Qars Baş Konsulluğu ilə əməkdaşlıq çərçivəsində təşkil olunub: “Proqrama Iğdır valisi Ercan Turan, rektor professor Ekrem Gürel, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Azərbaycan Evi rəhbəri Ziya Zakir Acar, Azərbaycanın Qars Baş Konsulu Zamin Əliyev və çoxsaylı qonaqlar qatılıblar. İki bölümdə keçirilən konfransda moderatorlar dosent Oğuz Doğan və dosent İsmail Abalı olublar”.
Məlumatda, həmçinin “çıxış edənlər arasında professor Metin Ekici, professor Kamal Abdulla, professor Ramazan Korkmaz, professor Esma Şimşək, professor İsa Həbibbəyli, professor Salahəddin Bəkki, professor Ayşe Çətin, professor Mehmet Çeribaş, professor Əbülfəz Quliyev, professor Refiye Şenesen və digərləri yer alıb. Belə bir ümumi fikir bildirilib ki, Dədə Qorqud türk dünyasının ortaq müdriklik rəmzidir. Konfransın sonunda iştirakçılara Türkiyə və Azərbaycan nümayəndə heyətləri tərəfindən hədiyyələr təqdim olunub. Tədbir “Türkiyə–Azərbaycan Qardaşlıq Türküləri” adlı konsertlə başa çatıb” deyə qeyd edilib.





