BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsi, universitet imtahanını qazanaraq şəhərdəki ali təhsil müəssisələrinə qəbul olan gəncləri məlumatlandırmaq və Eskişehirdəki həyata uyğunlaşmalarına dəstək vermək məqsədilə xüsusi qarşılama tədbiri təşkil edib.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.
Məlumata görə, Bələdiyyənin Gənclik Mərkəzi tərəfindən Anadolu Universiteti, Eskişehir Osmangazi Universiteti və Eskişehir Texniki Universitetinin tələbələri üçün hazırlanmış stendlər yeni tədris ilinin başlanğıcında kampuslarda qurulub: “ Qeydiyyat dövründə əvvəlcə Anadolu Universitetində açılan stenddən sonra ESTÜ və ESOGÜ kampuslarında da stendlər fəaliyyət göstərib və tələbələrə şəhərin mədəni və sosial həyatı haqqında ətraflı məlumat təqdim olunub. Tələbələr, Eskişehir Böyükşəhər Bələdiyyə başçısı Ayşe Ünlücenin rəqəmsal broşuradakı sürpriz mesajı ilə qarşılanıblar. QR kodlar vasitəsilə əldə edilən bu broşurada yataqxanalar, muzeylər, nəqliyyat xətləri, mədəniyyət-sənət mərkəzləri və dövlət qurumlarının əlaqə məlumatları kimi tələbələr üçün faydalı məzmunlar yer alır. Gənclik Mərkəzi yeni dövrdə də Eskişehirdəki universitet tələbələrinin kampus həyatını dəstəkləmək üçün müxtəlif tədbirlər və layihələrlə gənclərlə görüşməyə davam edəcək”.





