BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı, dramaturq İlqar Fəhminin 50 illik yubileyi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “dövlət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yubiley tədbirində xalq yazıçıları Anar, Çingiz Abdullayev, Əməkdar artist Nicat Kazımov çıxış edərək yazıçını yubiley münasibəti ilə təbrik edib, onun həyat və yaradıcılığından bəhs ediblər. Daha sonra İ.Fəhmi teatrın Fəxri mükafatı ilə təltif olunub və yubileyinə həsr olunan “Şah Abbas Namə” tamaşası nümayiş etdirilib”.
Sonra xəbərdə deyilir ki, “tamaşa İ.Fəhminin “Şahnamə” pyesi əsasında hazırlanıb. Səfəvi-Qızılbaş imperiyasının yüksəliş dövrünə həsr olunan ikihissəli tarixi dramın quruluşçu rejissoru N.Kazımov, quruluşçu rəssamı teatrın baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə, rejissor assistentləri Fuad Cavadzadə, Nəsibə Canəliyevadır”.





