BAYRAQDAR MEDİA – Türk dünyası universitetləri arasında əlaqələrin möhkəmləndirilməsi və akademik mübadilə imkanlarının genişləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mingəçevir Dövlət Universitetinin (MDU) mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “15 oktyabrda Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) 8-ci Baş Assambleyası keçirilir. Təşkili Tashkent International University (TIU) tərəfindən həyata keçirilən bu mühüm beynəlxalq toplantıda MDU rektor Anar Eminovun göstərişi ilə Keyfiyyət Təminatı və Davamlı İnkişaf şöbəsinin müdiri Azad Mirzəbəyov və Beynəlxalq Əməkdaşlıq ofisinin koordinatoru Pərviz Məmmədrzayev təmsil edirlər. TÜRKÜNİB-in Baş Assambleyasında üzv ölkələrin ali təhsil müəssisələri arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq istiqamətləri, eləcə də “Orhun Mübadilə Proqramı”nın gələcək inkişaf perspektivləri müzakirə olunur”.
Sonra xəbərdə, ““Orhun Mübadilə Proqramı” çərçivəsində Türkiyə ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstan universitetləri arasında tələbə və müəllim mübadiləsi imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu proqram türkdilli ölkələr arasında ortaq ali təhsil məkanının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bildirək ki, 2025-ci ilin 20 oktyabr tarixindən etibarən “Orhun Mübadilə Proqramı” çərçivəsində Özbəkistan universitetlərinə tələbə və müəllim qəbulu ilə bağlı rəsmi elan veriləcək” deyə bildirilir.
Qeyd edək ki, MDU beynəlxalq əlaqələrin inkişafına, təhsil sisteminin qlobal inteqrasiyasına və dayanıqlı tərəfdaşlıq platformalarının formalaşdırılmasına yönələn bu təşəbbüsləri öz strateji prioritetləri sırasına daxil edir.





