BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu haqda xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, “qəbula görə təşəkkürünü bildirən Elina Valtonen, ilk növbədə, Finlandiya Prezidenti Aleksandr Stubbun salamlarını dövlət başçısına çatdırdı. İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Stubba çatdırmağı xahiş etdi. Söhbət zamanı dövlət başçısı ilə Finlandiya Prezidentinin görüşləri, həmçinin Bakıda keçirilmiş COP29 tədbirində Finlandiyanın ən yüksək səviyyədə iştirakı məmnunluqla xatırlandı”.
Sonra xəbərdə, “Elina Valtonen Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edərək, bunun ATƏT məkanında sülh və sabitliyin bərpası, həmçinin regional əməkdaşlıq baxımından önəmini qeyd etdi. Qonaq Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların fəaliyyətinin 2025-ci il dekabrın 1-dək ləğv ediləcəyini bildirdi. Dövlət başçısı vurğuladı ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar sülh gündəliyinin irəli aparılmasına şərait yaratdı. İlham Əliyev Vaşinqtonda Ermənistanın icrası ilə bağlı üzərinə öhdəlik götürdüyü TRIPP layihəsinin regional əməkdaşlıq baxımından önəminə toxundu, onun bütün bölgə üçün faydalı olacağını dedi” deyə bildirilir.
Qeyd edək ki, “söhbət zamanı Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olundu, Azərbaycan-Finlandiya ikitərəfli əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı”.





