İctimai Birlik qeyri-neft sektorunda vergi güzəştlərinin uzadılması ilə bağlı təklif sənədi hazırlayıb
BAYRAQDAR MEDİA – Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) önəmli bir addım atıb. İctimai Birlik 2026-cı ildən etibarən fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən mövcud güzəştlərin qüvvədən düşməsi ilə bağlı yaranacaq vəziyyətin əmək bazarına və sahibkarlıq mühitinə təsirlərini azaldmaq məqsədilə rəsmi təklif sənədi hazırlayaraq aidiyyəti dövlət qurumlarına təqdim edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya TÜİB-dən məlumat verilib.
Məlumata görə, təklif TÜİB nəzdində fəaliyyət göstərən Vergi, Hüquq və Əmək Münasibətləri Komissiyası tərəfindən, digər əlaqədar komissiyaların iştirakı ilə hazırlanıb.
TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat məsələyə münasibət bildirərək deyib: “Vergi güzəştlərinin müddətinin başa çatması əmək bazarında sahibkarlar və işçilər üçün əlavə maliyyə yükü yarada bilər. Bu səbəbdən dəyişikliklərin mərhələli v əbalanslı şəkildə tətbiqi əmək münasibətlərinin stabilliyini qorumağa və iqtisadi sabitliyə töhfə verə bilər.”
Hüseyin Büyükfırat əlavə edib: “Təklifin hazırlanmasında məqsəd sahibkarların qarşısına çıxan əlavə maliyyə yükünün yumşaldılması və əmək bazarında sabitliyin qorunmasıdır. Vergi dərəcələrinin tədrici şəkildə tənzimlənməsi həm işəgötürənlər,həm də işçilər üçün dayanıqlı iqtisadi balans yaratmağa imkan verəcək.”
O həmçinin vurğulayıb ki, son illərdə əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın təmin olunması sahəsində əldə olunmuş nailiyyətlərin davamlılığı üçün vergi islahatlarının mərhələli və planlı şəkildə aparılması vacibdir: “Bu yanaşma sahibkarlığın inkişafına, qeyri-neft sektorunda məşğulluğun qorunmasına və iqtisadi sabitliyin güclənməsinə töhfə verəcək.”
Məlumatda o da qeyd edilib ki, “Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi” (TÜİB) qurulduğu gündən etibarən Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq, iqtisadi və sosial əlaqələrin möhkəmləndirilməsinə, ölkə iqtisadiyyatının inkişafına və Türk investorlarının Azərbaycanın əlverişli biznes mühiti ilə tanış edilməsinə töhfə verir. TÜİB dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi və biznes mühitinin davamlı inkişafı istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirir.



