Press "Enter" to skip to content

“Azərbaycanı kəşf et”

Açılış mərasimi

Limanın mərkəzi parkında fotosərginin açılışı keçirilib

BAYRAQDAR MEDİA – Perunun paytaxtı Lima şəhərinin ən tanınmış və turistlər tərəfindən ən çox ziyarət olunan Miraflores rayonundakı Kennedi parkında Azərbaycana həsr olunmuş “Azərbaycanı kəşf et” adlı fotosərginin açılışı keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Perudakı səfirliyindən məlumat verilib.ş

Məlumata görə, tədbirdə Miraflores rayonunun bələdiyyə başçısı Karlos Kanales Ançorena, Peru–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, konqresmen Korel Kira Alkaraz Aqiero, diplomatik korpusun nümayəndələri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, “açılış mərasimində çıxış edən Miraflores rayonunun bələdiyyə başçısı K.Kanales sərginin əhəmiyyətindən danışaraq, bu təşəbbüsün Peru və Azərbaycan arasında mədəni dialoqun güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb. Azərbaycan Respublikasının Perudakı səfiri M.Talıbov adından çıxış edən səfirliyinin nümayəndəsi Gültən Qafqazlı-Novruzova qonaqlara Azərbaycanın zəngin mədəniyyəti, turizm potensialı, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələri, milli mətbəxi, musiqisi və rəqsləri barədə ətraflı məlumat verib. Tədbirdə həmçinin Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, konqresmen K.Alkaraz çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib”.

Daha sonra qonaqlar fotosərgi ilə tanış olublar və onlara nümayiş etdirilən hər bir foto haqqında ətraflı məlumat verilib. Sərgidə Azərbaycanın təbiətinin gözəllikləri, tarixi abidələri, milli rəqsləri və mətbəxi əks etdirən fotolar yer alıb. Tədbir yerli ictimaiyyət və turistlər tərəfindən böyük maraqla qarşılanıb.

Fotosərgi oktyabr ayının 31-dək davam edəcək.

Mission News Theme by Compete Themes.