Press "Enter" to skip to content

Bir dam altında yaşamaq imkanları tükənibsə…

Boşanma - dağılan tifaq

BAYRAQDAR MEDİA – Təəssüf ki, son statistik məlumatlar təsdiq edir ki, ölkədə boşanmaların sayı artmaqda, nikahlar isə azalmaqda davam edir.

Bu barədə fikirlərini bölüşən “Müasir Cəmiyyət və Qadın Hüquqları” İctimai Birliyinin təsisçisi Xanım Əhmədzadə bildirir ki, “həqiqətən də, nikahın pozulmasının məntiqi sonluğu dağılmış ailədir. Bu, valideynlərinin birindən ayrı yaşamağa məhkum olmuş uşaq, əksər hallarda evindən-eşiyindən ayrı düşmüş ana, ailəsini itirən ata deməkdir. Deməli, boşanmalar hər bir halda ağrısız ötüşən proses deyil. Hələ nikah pozulduqdan sonra boşanan cütlükləri böyük bir problemlər yükü gözləyir – əmlakın bölünməsi, aliment, uşaqlarla görüş və s. Cəmiyyətdə baş verən bu kimi situasiyaları nəzərə alaraq təşkilatımız hazırda “Nikahın pozulması səbəblərinin hüquqi təhlili” adlı layihəni icra edir. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Əsas məqsədimiz nikahın pozulmasının real səbəblərini hüquqi təhlil etmək, araşdırmaq və boşanmadan sonra tərəflər arasında yaranmış problemlərə hüquqi dəstək olmaqdır”.

Xanım Əhmədzadə daha sonra təəssüflə qeyd edir ki, “xoşbəxtliyin resepti yoxdur. Həqiqətən də bütün xoşbəxt ailələr eyni cür xoşbəxtdir, bədbəxt ailələr isə hərəsi bir başqa cür bədbəxtdir, hərəsinin öz qəmli həyat tarixçəsi var. Xoşbəxt ailələrin vahid bir müsbət cəhətdə birləşdiyini, bədbəxt ailələrin isə hər birinin özünəməxsus, təkrar olunmayan səbəblərə görə bədbəxt olduğunu müşahidə edirik. Bizə müraciət edən zərərçəkmiş qadınların əksəriyyəti nikahları pozulduqdan sonra evsiz qaldıqlarını, işə düzələ bilmədiklərini, keçmiş ərlərinin aliment ödəməkdən yayındıqlarını, maddi və mənəvi çətinliklər içərisində qaldıqlarını bildirirlər. Bəzi atalar xanımlarından boşandıqda sanki doğma, soyadlarını daşıyan övladlarından da boşanırlar. Hələ onu da deyim ki, alimentin minimum məbləği olan 246 manat bir uşağın aylıq tələblərini qəti ödəmir. Bununla belə hər gün təhqir olunan, ailədaxili zorakılığa məruz qalan, ailəsində hər cür məşəqqət görən bir ana çıxış yolu tapıb özünü və övladlarını fiziki və mənəvi travmalardan xilas etməlidir”.

“Məncə, bir ailənin bütün bağları qırılıbsa, evdə əlbəyaxa döyüş səhnələri baş verirsə, bir damın altında yaşamaq imkanları tamamilə tükənibsə, belə ailələr sivil şəkildə boşansalar daha yaxşıdır. Çünki bu cür təhlükəli situasiyanın acı nəticəsi qaçılmazdır, hətta insanlar həyatlarını itirə, intihara cəhd edə bilərlər. Hər halda dözümün də bir həddi var. Boşanıb yenidən ailə həyatı quraraq çox xoşbəxt yaşayan insanlar da az deyil. Cəmiyyətdə hər bir fəaliyyət, hadisə, problem qanunlarla, qaydalarla nizamlandığı kimi nikahın pozulması da hüquq müstəvisində həllini tapmalıdır”, – deyə Birliyin təsisçisi bildirir.

Mission News Theme by Compete Themes.