Press "Enter" to skip to content

DVX rəisi beynəlxalq konfransında çıxış edib

Çıxış zamanı

BAYRAQDAR MEDİA – Estoniyanın paytaxtı Tallində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) “Realvaxt iqtisadiyyatının inkişafı və vergi idarələri” mövzusunda 6-cı Beynəlxalq Konfransı keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti tədbirdə iştirak edib. DVX rəisi Orxan Nəzərli tədbirə videoformatda qoşulub.

Bu barədə BAYRAQDAR MEDİA-ya DVX-dən məlumat verilib.

Bildirilib ki, “konfransın ilk günündə “Estoniyada realvaxt rejimində iqtisadi ekosistemin yaradılması”, “Realvaxt iqtisadiyyatı və vergitutma üzrə beynəlxalq perspektivlər”, “Realvaxt rejimində vergi əməletməsinə gedən yol: qabaqcıl təcrübələr və gələcəyə uyğun həllər”, “Texnologiya və biznes perspektivləri”, “Keçid keysləri və tətbiq mexanizmləri”, “Biznesin cəlb edilməsi”, “Təkmil data analizi və dəyişikliklərin idarə edilməsi” və “Real vaxt iqtisadiyyatı və gəlirlərin təminatı üzrə əməli nümunələr” mövzularında sessiyalar təşkil olunub. DVX rəisi Orxan Nəzərli “Azərbaycan Respublikasında vergi əsaslı iqtisadi fəaliyyət ölçüsünün tətbiqi” mövzusunda təqdimatla çıxış edib. O.Nəzərli DVX-nin mövcud baza məlumatlarından istifadə edilməklə iqtisadi aktivliyin ölçülməsi və iqtisadiyyatın şəffaflıq səviyyəsinin qiymətləndirilməsi ilə bağlı həyata keçirilən layihə barədə məlumat verib. Bildirib ki, iqtisadi fəallığın operativ ölçülməsi, artım tendensiyalarının dinamik izlənilməsi və şəffaflıq səviyyəsinin davamlı qiymətləndirilməsi zərurəti getdikcə artır. Bu, idarəetmənin effektivliyinin yüksəldilməsi və əsaslandırılmış iqtisadi qərarların qəbuluna mühüm töhfə verir”.

Qeyd edilib ki, təqdimatda layihənin əsas istiqamətləri, DVX-nin məlumat bazasından səmərəli istifadə ilə aparılan təhlillər, “Vergi əsaslı iqtisadi qiymətləndirmə” (TBEM) göstəricisinin hesablanması” və “İqtisadiyyatın ağarması vəziyyətinin qiymətləndirilməsi” mərhələləri barədə ətraflı məlumat təqdim olunub: “Layihə çərçivəsində beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlıq mühitində görülən işlər, aparılan təhlillər və təkmilləşdirmə tədbirləri diqqətə çatdırılıb. Eyni zamanda, iqtisadiyyatın şəffaflaşmasında vergi sisteminin rolu, şəffaflıq səviyyəsinin mütəmadi qiymətləndirilməsinin və nəticəyönümlü idarəetmənin əhəmiyyəti vurğulanıb”.

Məlumata görə, konfrans çərçivəsində “Real vaxt rejimində vergi əməletməsi həlləri” adlı sərgi də təşkil edilib: “Burada vergi əməletməsinin yüksəldilməsinə yönəlmiş müasir yanaşmalar və təcrübələr nümayiş olunur. Konfrans müddətində vergi administrasiyalarının real vaxt iqtisadiyyatının formalaşmasında rolu, bu ekosistemədəstək və inkişaf perspektivləri müzakirə edilib”.

Mission News Theme by Compete Themes.