BAYRAQDAR MEDİA – Oktyabrın 17-də Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Füzuli Şəhəri Günü münasibətilə “Zəfərin ruhu” adlı fotosərgi açılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təşkil olunan sərginin açılışında Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, şəhər sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər”.
Sonra xəbərdə deyilir ki, “məlumat verilib ki, Vətən müharibəsində şanlı Zəfərin 5-ci ildönümünə həsr olunan sərgi təkcə Qələbənin xatirəsi deyil, eyni zamanda, Azərbaycan xalqının yenilməzliyinin, sarsılmaz iradəsinin və Qarabağın sürətli bərpasının fotolara köçmüş ifadəsidir. Sərgi həm şəhidlərin ruhuna ehtiram, həm də doğma torpaqlarına qayıdan soydaşların qürur hissinin təcəssümüdür”.
Sərgi çərçivəsində uşaqlar üçün rəsm üzrə ustad dərsləri də təşkil olunub. Təcrübəli sənət müəllimləri uşaqlara rənglərin dili ilə Zəfər mövzusunu necə ifadə etməyin yollarını göstəriblər. Ustad dərsləri uşaqlara rəssamlıq biliklərini inkişaf etdirməyə, eyni zamanda, tarixi hadisələrə öz bədii münasibətlərini bildirməyə imkan yaradıb.





