Press "Enter" to skip to content

I Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri MEK-də olub

I Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri MEK-də olub

BAYRAQDAR MEDİA – Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “görüş zamanı şəhidlərin ailə üzvləri “Qarabağ müharibəsi qəhrəmanları” fondunda Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçılarına həsr olunmuş guşələr, onların fotoşəkilləri, eləcə də şəhidlərin şəxsi kitabxanalarından ailələri tərəfindən fonda hədiyyə edilən kitablardan ibarət kolleksiya ilə tanış olublar. Dəyirmi masa ətrafında davam edən görüşdə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov şəhidlərin unudulmamasında bu cür görüşlərin keçirilməsinin vacibliyini qeyd edib. Gənclərə vətənpərvərlik hisslərinin aşılanması və qəhrəman şəhid oğulların ictimaiyyətə daha yaxından tanıdılması baxımından fondun əhəmiyyətindən danışan direktor şəhidlərin ailə üzvlərinin, yazıçıların, ictimai xadimlərin iştirakı ilə mütəmadi olaraq tədbirlər keçirildiyini, görkəmli alimlərin buranı ziyarət etdiyini vurğulayıb”.

Daha sonra xəbərdə, “Fondun ən ali məqsədinin şəhidləri tanıtmaq, yaşatmaq olduğunu deyən MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə burada toplanan hər bir ədəbiyyatda qəhrəman oğulların hekayəsinin əks olunduğunu böyük qürurla nəzərə çatdırıb. Sonra Birinci Qarabağ müharibəsi qazisi, istefada olan mayor, vətənpərvər şair Cavanşir Qənbər “And yerim vətən” adlı şeirlər toplusunu təqdim edərək bildirib ki, şəhidlər məhz burada toplanan kitabların, məlumatların sayəsində yaşayacaq, unudulmayacaq. Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan mayor Əmrah Cabbarlı isə kitabxanada yaradılan yüksək şəraitə və qayğıya görə MEK rəhbərliyinə minnətdarlığını bildirib” deyə qeyd olunur

Görüşdə Birinci Qarabağ müharibəsi şəhidləri Əhməd Quliyev, Emin Cəfərov, Arif Allahverdiyev, Ələkbər Hacıyevin şərəfli döyüş yoluna nəzər salınıb, yaxınlarının onlarla bağlı xatirələri dinlənilib.

Sonda şəhid ailə üzvləri tərəfindən “Vətən sevgisi”, “Qələbə müjdəli Vətən”, “Şəhidlik zirvəsi”, “Dastana sığmayan ömür” adlı nəşrlər MEK-ə hədiyyə edilib.

Mission News Theme by Compete Themes.