Cahangir Məmmədli: Bu məktəb məni uşaqlığıma geri qaytardı
BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli “Məktəbdə…” layihəsinin qonağı olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin yeni dərs ilində ilk görüşü paytaxtdakı 21 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.
Bu barədə BŞTİ-dən məlumat verilib.
Məlumata görə, məktəblilərlə səmimi ünsiyyət şəraitində keçən görüşdə C.Məmmədli Ağdamın Novruzlu kəndindən başlayan həyat yolundan, məktəb illəri ilə bağlı xatirələrindən, müəllimlərinin həyatında oynadığı roldan, məşğul olduğu fəaliyyət sahələrindən, həyatda və peşəsində uğur qazanmasına təsir edən amillərdən danışıb: “Qonaq 30 il Ağdamsız yaşayıb yenidən doğma torpaqlara qovuşmağın bəxtiyarlığından, işğaldan azad olunduqdan sonra yurd yerlərimizdə canlanan yeni həyatın insanlara bəxş etdiyi xoşbəxtlikdən söz açıb”.
Məlumatda deyilir ki, qonaq qloballaşan dünyanın bu gün məktəb, müəllim və şagirdin qarşısına qoyduğu tələblərdən, təhsilə ictimai baxışdan, hər zaman qorunmalı olan müəllim nüfuzundan danışıb.
C.Məmmədli şəxsi təcrübələri əsasında maraqlı nümunələrlə şagirdləri düşündürən suallara aydınlıq gətirib, maraqlı mövzularla bağlı məktəblilərlə fikir mübadiləsi aparıb. “Bu məktəb məni uşaqlığıma geri qaytardı”, deyən C.Məmmədli sagirdlərlə ünsiyyətdən məmnunluğunu ifadə edib.





