Press "Enter" to skip to content

“Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər”

Tədbir zamanı

TÜİB-in təşkilatçılığı ilə tədbir keçirilib

BAYRAQDAR MEDİA – Oktyabrın 16-da “Hilton Baku” otelində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” adlı tədbir keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya TÜİB-dən məlumat verilib.

Məlumata görə, tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Türkiyə səfirliyinin müşavirləri, eləcə də TİKA, TPAO, Aselsan-Bakü, Türk Hava Yolları, Azroksan şirkəti və TÜİB idarə heyətinin üzvləri iştirak ediblər.

Prof.Dr. Birol Akgün: Artıq yeni dövr başlayır

Məlumatda deyilir ki, Prof.Dr. Birol Akgün çıxışında türk iş adamlarının Azərbaycanın müstəqillik qazandığı ilk illərdən etibarən bu ölkədə fəaliyyət göstərdiyini və bu gün mühüm nailiyyətlər əldə etdiklərini bildirib: “Türk iş insanları Azərbaycanın həm ağır, həm də sevincli günlərində daim onun yanında olub. Azərbaycan bir daha çətin günlər yaşamaması üçün yalnız siyasi deyil, iqtisadi əməkdaşlıq sahəsində də əlaqələrimizi gücləndirməliyik.”

Prof.Dr. Birol Akgün çıxış edərkən
Prof.Dr. Birol Akgün çıxış edərkən

Diplomat həmçinin vurğulayıb ki, Azərbaycandakı türk iş adamları həm bu ölkənin, həm də Türkiyənin dövlət qurumları ilə sıx əməkdaşlıq etməlidir: “Artıq yeni dövr başlayır və bu mərhələdə Azərbaycan bazarında fəaliyyət göstərən türk iş adamları gələcəyə dair aydın vizyon formalaşdırmalıdır. Biz, səfirlik olaraq, bu istiqamətdə hər cür dəstəyə hazırıq.”

Hüseyin Büyükfırat: Hədəflərimizə “mən” deyərək deyil, “biz” ruhu ilə çata bilərik

TÜİB sədri Hüseyin Büyükfırat çıxışında 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərdiyini, bu ölkənin həm çətin dövrlərinə, həm də Qarabağ Zəfərinin sevincinə şahidlik etdiyini bildirib.
O “biz bu torpaqlarda yalnız qazanc üçün deyil, eyni zamanda davamlı dostluq və qardaşlıq körpüləri qurmaq üçün fəaliyyət göstəririk. İqtisadi əlaqələrin güclənməsi, siyasi və mədəni birliyimizi də daha möhkəm edir” deyə qeyd edib.

Hüseyin Büyükfırat çıxış edərkən
Hüseyin Büyükfırat çıxış edərkən

H.Büyükfırat əlavə edib ki, türk dövlətləri arasında ortaq istehsal, investisiya və yeni layihələrin inkişafı istiqamətində səylər artırılmalıdır: “Hədəflərimizə “mən” deyərək deyil, “biz” ruhu ilə çata bilərik. Türk iş dünyasının regional inkişafın lokomotivi olması üçün ortaq vizyona ehtiyac var və TÜİB bu vizyonun reallaşması istiqamətində qətiyyətlə çalışır.”

Tədbir çərçivəsində TÜİB-in fəaliyyətinə dair təqdimat qurumun İdarə Heyətinin sədr müavini Necmeddin Taşbağ tərəfindən iştirakçılara təqdim olunub.

Bundan əlavə, tədbir zamanı II Azərbaycan–Türkiyə İnvestisiya Forumu barədə də məlumat verilib, forumun məqsəd və istiqamətləri iştirakçılarla bölüşülüb.

Mission News Theme by Compete Themes.