Press "Enter" to skip to content

DİN-dən qanunsuz saxlanılan odlu silahlarla bağlı növbəti çağırış

Daxili İşlər Nazirliyi

BAYRAQDAR MEDİA – Qanunsuz odlu silahların saxlanılması və daşınması cəmiyyət üçün ciddi təhlükə mənbəyidir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “belə silahlar istənilən vaxt qeyri-qanuni məqsədlə istifadə edilərək insan həyatına, sağlamlığına və ağır cinayətlərə səbəb ola bilər. Buna görə də daxili işlər orqanları əhali arasında profilaktik izahat işlərini, silahların aşkarlanması və yığılması üçün planlı əməliyyat-axtarış tədbirlərini sistemli şəkildə həyata keçirir və əldə edilən nəticələri ictimaiyyətlə bölüşür. Polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktik tədbirlər nəticəsində 2025-ci ilin 9 ayı ərzində 4 min 181 ədəd odlu silah aşkar olunaraq götürülüb. Onların 1 min 126-sı avtomat silahı, 263-ü tapança, 2 min 792-si isə tüfəng olub”.

Daha sonra xəbərdə, “qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayətin alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş onları könüllü təhvil veriblər. Belə ki, 2025-ci ilin 9 ayı ərzində 3 min 536 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib. Keçirilən əməliyyat tədbirlərilə isə 645 silah aşkar olunaraq götürülüb” deyə bildirilir.

Xəbərdə eləcə də deyilir ki, “qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevirilə, faciəyə səbəb ola bilər. Könüllü olaraq polisə təqdim edilən silaha görə isə vətəndaş məsuliyyətə cəlb edilmir. Buna görə də Nazirlik vətəndaşlara müraciət edərək qanunsuz yollarla əldə etdikləri və ya tapdıqları silah-sursatı könüllü olaraq yaxınlıqdakı polis orqanlarına təhvil vermələrini xahiş və tövsiyə edib. Bu halda həmin şəxs heç bir cinayət məsuliyyəti daşımayacaq və bununla da həm özünü, həm də ailəsini böyük təhlükədən və qanunla müəyyən olunmuş ağır cinayət məsuliyyətindən xilas etmiş olacaq. Bu vətəndaşlıq nümunəsində cəmiyyətin hər bir üzvünün dəstəyi önəmlidir. DİN cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edib”.

Mission News Theme by Compete Themes.