BAYRAQDAR MEDİA – Azərbaycanda heyvan kəsimi məntəqələri baytar nəzarəti altında fəaliyyətlərini davam etdirir. Heyvan kəsimindən əldə olunan ət və ət məhsullarının insan istehlakı üçün təqdim olunması prosesi dövlət baytarlıq nəzarəti ilə həyata keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “kəsimə cəlb olunan iri və ya xırdabuynuzlu heyvanlar baytarlıq mütəxəssisi tərəfindən kliniki baxışdan keçirilərək termometriya olunur və onların kəsimi barədə qərara gəlinir. Kəsimdən sonra heyvan cəmdəyi və daxili orqanların baytarlıq-sanitariya ekspertizası həyata keçirilməklə ekspertiza aktı tərtib olunur. İstehlak üçün təhlükəsiz olan ət və ət məhsullarının realizasiyası üçün müvafiq müşayiətedici baytarlıq sənədləri (baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi) təqdim edilir”.
Sonra xəbərdə, “bildirilib ki, baytarlıq mütəxəssisi tərəfindən heyvanların ümumi kliniki vəziyyəti, kəsimdən sonra ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizası, o cümlədən laboratoriya müayinə nəticələri nəzərə alınmaqla, ət məhsulunun istehlakı barədə qərara gəlinir. Bir qayda olaraq insan sağlamlığı ilə bağlı risklər mövcud olan bütün hallarda ət məhsullarının dövriyyəsinə yol verilmir” deyə qeyd olunur.
Nəzərə almaq lazımdır ki, insanlar tərəfindən ətin çiy və ya yarımbişmiş halda istehlak olunması yolverilməzdir. Belə ki, ətin bişirilmə temperaturu virus və bakteriya mənşəli infeksiyaların məhv olmasını təmin etdiyindən, yaxşı bişirilmiş ət və ət məhsullarının istehlak edilməsi insan sağlamlığı üçün təhlükəsiz hesab olunur.





