BAYRAQDAR MEDİA – 20-21 oktyabr tarixlərində Türkiyənin Ankara Hacı Bayram Veli Universitetində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Ankara Hacı Bayram Veli Universiteti və Özbəkistanın Ankaradakı səfirliyinin birgə təşkilatçılığı ilə Türküstan Cədidçilik hərəkatının öncüsü Mahmudxoca Behbudinin anadan olmasının 150 illiyi münasibətilə “Mahmudxoca Behbudi və Türküstan Cədidçilik Hərəkatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, Özbəkistanın Ankaradakı səfiri İlham Heydərov, Qazaxıstanın Ankaradakı səfiri Yerkebulan Sapiyev, eyni zamanda, Özbəkistan, Azərbaycan, Türkmənistan və digər türk dövlətlərindən gəlmiş elm adamları, alimlər iştirak ediblər.
Konfransa dəvət alan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Faiq Ələkbərli “Türk dünyasında yeniləşmək-cədidçilik fəlsəfəsinin iki məktəbi: hüseynzadəçilik və qaspıraçılıq” mövzusunda məruzə edib. O bildirib ki, yeni dövrdə türk xalqlarında başlayan yeniləşmək-cədidçilik hərəkatı təsadüfi olmayıb, son əsrlərdə türk dövlətlərinin tənəzzülü ilə bağlı olub. Bu tənəzzülün, geriləmənin qarşısını almaq üçün Azərbaycanda Əli bəy Hüseynzadənin başlatdığı yeniləşməyin əsasında türkçülük, islamçılıq və müasirləşmək formulu dayanıb. Ə.Hüseynzadə Osmanlının Tənzimatından, Həsən bəy Zərdabinin “Əkinçi”, Ünsizadə qardaşlarının “Ziayi-Qafqaziyə”, “Kəşkül” qəzetlərindən, ana-babaları olmuş Qafqaz şeyxülislamları Məhəmmədəli Hüseynzadə, Əhməd Hüseynzadədən yola çıxaraq çağdaş ruhlu türkçülük məktəbinin əsasını qoyub. Hüseynzadəçilik məktəbinin əsas kitabı isə “Türklər kimdir və kimlərdən ibarətdir” əsəridir.
Azərbaycanlı alimə görə, İsmayıl bəy Qaspıralı tərəfindən ortaya qoyulan qaspıralıçılıq məktəbinin əsasını bir tərəfdən Azərbaycanda başlayan maarifçilik hərəkatı, digər tərəfdən “Tərcüman” qəzeti təşkil edib. Onun fikrincə, qaspıralıçılığın mahiyyəti isə “dildə, fikirdə və işdə birlik” formulunda öz əksini tapıb.
Beləliklə, türk xalqları 20-ci əsrdə iki məktəb əsasında yenidən dirilişə, oyanmağa çalışıb. Həmin ideyalar bu gün də öz aktuallığını qoruyub saxlayır.





