Press "Enter" to skip to content

YÖK-ün sədri Qarabağ Universitetində

YÖK-ün sədri Qarabağ Universitetində

BAYRAQDAR MEDİA – Oktyabrın 21-də elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Qarabağ Universitetini ziyarət edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “səfər çərçivəsində nümayəndə heyəti universitetin yeni tədris korpusunda aparılan tikinti-quruculuq işləri, Qarabağ Universitetinin Klinikası və tələbə yataqxanasında yaradılan şəraitlə tanış olub. Qonaqlara auditoriyalar, laboratoriyalar və kitabxana nümayiş etdirilib, tədris və elmi mühitin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Daha sonra Universitetin tələbələri ilə görüş keçirilib. Görüşdə çıxış edən E.Əmrullayev universitetin qısa müddətdə əldə etdiyi uğurlardan, tələbələr üçün yaradılan müasir təhsil imkanlarından və qarşıya qoyulan əsas hədəflərdən danışıb. Nazir vurğulayıb ki, Universitet regionun intellektual və elmi potensialının inkişafında mühüm rol oynayacaq”.

Sonra xəbərdə bildirilir ki, “E.Özvar çıxışında Azərbaycan və Türkiyə arasında təhsil əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd edib, birgə layihələr və Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti barədə məlumat verib. O həmçinin Qarabağ Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq və akademik mübadilələrin əhəmiyyətini vurğulayıb. Tədbir Universitetin İncəsənət fakültəsinin tələbələrinin ifasında təqdim olunan konsert proqramı ilə yekunlaşıb”.

Mission News Theme by Compete Themes.