BAYRAQDAR MEDİA – “QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-lərinin xaricdə keçirdiyi tədbirlərin sayı əvvəlki illərlə müqayisədə 3.5 dəfə artıb. Əgər 2022-ci ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-ləri cəmi 1 xarici ölkədə 7 tədbir keçirmişdisə, 2024-cü ildə 7 xarici ölkədə 25 tədbir baş tutub. 2025-ci ildə isə fərqli rekordlarla yadda qalacaq”.
Bunu Xankəndi şəhərində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumundakı çıxışı Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev deyib.
T.Əliyevin sözlərinə görə, əgər ötən il Agentliyin donorluğu ilə bütün QHT-lər 7 xarici ölkədə tədbirlər keçiribsə, bu il “Gilavar” Foto Klubu İctimai Birliyi təklikdə 4 xarici ölkədə – Almaniya, Fransa, Belçika, Niderlandda tədbirlər keçirməyə nail olub: “Bu, ağır zəhmətin, aylarla davam edən yazışmaların, inadın, güclü komanda işinin, düzgün əlaqələndirmənin uğur hekayəsidir”.
Qeyd edilib ki, artıq Azərbaycan QHT-lərinin rəyi, baxışı BMT miqyasında istinad mənbəyinə çevrilir: “Bu günlərdə ilk dəfə BMT Baş katibi öz hesabatında “Bakı Təşəbbüs Qrupu”nun yaydığı hesabata istinad edib. Bu, ciddi nəticədir. “Qarabağ İtkin Ailələri” İctimai Birliyi isə son 35 ildə ilk dəfə BMT-nin Avropa Ofisində qəbul edilib, dinlənilib”.





