Press "Enter" to skip to content

Daş Veysəllidə Şəhidlər Abidə Kompleksi yaradılıb

Açılış mərasimi

BAYRAQDAR MEDİA – Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin işğaldan azad olunmasının 5-ci ildönümü münasibətilə anım tədbiri keçirilib və Şəhidlərin əziz xatirəsinə inşa olunmuş Şəhidlər Abidə Kompleksinin açılışı olub.

BAYRAQDAR MEDİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eləcə də bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Mərasimdə bildirilib ki, Şəhidlər Abidə Kompleksi Prezidentin Xüsusi Nümayəndəliyinin mənəvi dəstəyi, kənd icmasının və şəhid ailələrinin təşəbbüsü və iştirakı ilə inşa olunub. Kompleksdə söhbətgah və bulaq, həmçinin şəhidlərin və Kompleksin tarixi haqqında məlumatları əks etdirən QR-kodlu lövhə quraşdırılıb. Abidə kompleksində 1992–1993-cü illərdə şəhid olmuş və həmin ərazidə dəfn edilən qəhrəmanların məzarları bərpa edilib. Həmçinin digər ərazilərdə dəfn edilmiş 3 şəhidin nəşi ekshumasiya edilərək burada yenidən dəfn edilib. Hazırda xiyabanda kəndin 14 şəhidinin xatirəsi əbədiləşdirilib-onlardan 10 nəfəri hərbi, 4 nəfəri mülki şəhiddir, 3 şəhid isə itkin hesab olunur. Abidəyə 2 km məsafədə yerləşən bulaqdan su çəkilib.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşları, Cəbrayıl Rayon Ağsaqqallar Şurasının üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və qazilər, ictimaiyyət nümayəndələri və ölkənin müxtəlif bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər.

Mission News Theme by Compete Themes.