BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyi (DİN) sürücüləri bir daha diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “yol hərəkəti təhlükəsizliyinin təmin olunması, sürücü mədəniyyətinin artırılması və qəzalara səbəb olan amillərin aradan qaldırılması Nazirliyin əsas prioritet istiqamətlərindəndir. Baş verən qəzalarda sürət həddinin aşılması, radar qurğularına yaxınlaşdıqda sürəti azaldıb sonra yenidən artırmaq kimi məsuliyyətsiz davranışlar insan həyatına ciddi təhlükə yaradır. Unutmaq olmaz ki, radar sürücünün yolda sürət həddini müəyyən edən, həyatı qoruyan və təhlükədən çəkindirici vasitə olan təhlükəsizlik kəməridir”.
Vurğulanıb ki, sükan arxasında verilən hər qərar təkcə sürücünün taleyinə deyil, ətrafdakıların da həyatına təsir edir. Sürət nə qədər yüksək olarsa, səhvin-ehtiyatsızlığın miqyası bir o qədər ağır olur. Yollarda yerləşdirilən radarlar “dayan, düşün, təhlükəsiz get” demək üçündür.





