Tural Əliyev: Qarşıdakı dövrdə QHT-lərlə bağlı bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi nəzərdə tutulur
BAYRAQDAR MEDİA – “QHT sektorunda kəmiyyətdən keyfiyyətə keçid güclənməkdədir. Təhlillər göstərir ki, illər əvvəl qeydiyyatdan keçmiş bəzi QHT-lərin heç bir fəaliyyəti yoxdur. Onlar kimlər üçünsə süni imtiyaz, cibində QHT vəsiqəsi daşımaq üçündür, ictimai faydası görünmür. Sağlamlaşdırma tədbirlərinin nəticəsi olaraq, artıq vəziyyət dəyişməkdədir, QHT sektoruna süni axın xeyli daralıb”.
Bunu Xankəndi şəhərində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumundakı çıxışı Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev deyib.
Onun sözlərinə görə, 2022-ci illə müqayisədə 2024-cü ildə yeni QHT-lərin dövlət qeydiyyatına alınması 4 dəfə aşağı düşüb: “Yeni QHT yaratmağa dair rəsmi müraciətlərin sayı isə 2022-ci illə müqayisədə bu il 3 dəfə aşağı enib. Bu rəqəmlər onu göstərir ki, QHT fəaliyyətinin göründüyü qədər asan deyil, kifayət qədər mürəkkəb və ciddi iş olması artıq dərk edilir”.
Sektor müdiri əlavə edib ki, qarşıdakı dövrdə QHT-lərlə bağlı bir sıra qanunvericilik aktlarının da təkmilləşdirilməsi nəzərdə tutulur: “Bu gün cəmiyyətdə neqativ hallara qarşı mübarizədə Azərbaycan QHT-ləri ictimai qınağın hərəkətverici qüvvəsi kimi çıxış edir. Bu yaxınlarda bəzi ictimai birliklərin saxta orden, medallar paylamağa davam etməsi ciddi etiraz doğurmuşdur. Bu neqativ tendensiyaya nəhayət ki, son qoyulmasının vaxtı çatıb. Qarşıda Azərbaycan vətəndaş cəmiyyətini yeni imkanlar və böyük uğurlar gözləyir. Əldə edilmiş nəaliyyətlər bizi arxayınlaşdırmamalıdır, əksinə, daha çox çalışmağa sövq etməlidir”.





