Əliməmməd Nuriyev: Vətəndaş cəmiyyəti bu sahədə ictimai etikaya və informasiya təhlükəsizliyinə xidmət edən “yumşaq güc” institutuna çevrilməlidir
BAYRAQDAR MEDİA – “Cəmiyyətin təhlükəsizliyi yalnız fiziki sərhədlərlə deyil, mənəvi sabitliklə ölçülür. Dezinformasiya, nifrət çağırışları və etimad itkisi – milli təhlükəsizliyə yönəlmiş yeni tipli təhdidlərdir. Vətəndaş cəmiyyəti bu sahədə ictimai etikaya və informasiya təhlükəsizliyinə xidmət edən “yumşaq güc” institutuna çevrilməlidir”.
Bunu Xankəndidə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumundakı çıxışında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, bu konseptaul yanaşmaların parktikada reallaşması üçün aşağıdakı təklifləri nəzərdən keçirmək məqsədəuyğun olardı: “Dövlət proqramlarının ictimai monitorinq sistemlərinin yaradılması; Regional və mərkəzi QHT-lər arasında koordinasiya və bilik mübadiləsi mexanizmlərinin qurulması; Açıq vətəndaş laboratoriyası (Open Civic Lab) təşəbbüsünün formalaşdırılması; Milli QHT Strategiyası–2030 sənədinin hazırlanması; Yeni Etika Kodeksi və Vətəndaş Mədəniyyəti Manifestinin qəbul olunması. Bu istiqamətlər Azərbaycan vətəndaş cəmiyyətinin dövlət idarəçiliyi sistemində strateji aktora çevrilməsinə şərait yaradacaq”.





