Press "Enter" to skip to content

İki Super Ay hadisəsi olacaq

İki Super Ay hadisəsi olacaq

BAYRAQDAR MEDİA – 5 noyabr və 4 dekabr tarixlərində ardıcıl iki Super Ay hadisəsi müşahidə olunacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından daxil olub.

Xəbərdə qeyd edilir ki, “Super Ay hadisəsi Tam (dolu) Ay fazası Ay öz orbitinin perigeyində (Yerə ən yaxın) olduğu vaxta təsadüf edir. Perigey məsafəsi 360 min km-dən kiçik olarsa, bu zaman baş verən Tam (dolu) Ay Super Ay adlanır. Ay bu məsafədə olanda adi tam Aydan 7–14 faiz böyük və təxminən 15–30 faiz parlaq görünür. Məsələn, noyabrın 5-də və dekabrın 4-də Ay adi tam Aydan təxminən 8 faiz böyük və 16 faiz parlaq olacaq”.

Sonra xəbərdə, “Ayın Yerdən məsafəsi noyabrın 5-də 356 min 832 km, dekabrın 4-də isə 356 min 961 km təşkil edəcək. Ayın Yerə maksimal yaxınlaşması (perigey) 1912-ci il yanvarın 4-də baş verib və bu zaman məsafə 356 min 375 km olub. Sonrakı illərdə ən çox yaxınlaşma 1948-ci il yanvarın 26-da 356 min 508 km, 2016-cı noyabrın 14-də 356 min 509 km, 2018-ci il yanvarın 1-də 356 min 565 km olub. Növbəti maksimal yaxınlaşma ilə (356 min 447 km) Super Ay hadisəsi 2034 -cü il noyabrın 25-də baş verəcək” deyə bildirilir.

Super Ay hadisəsinin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə Ay Yerə yaxınlaşdıqca, onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə daha çox təsir edir. Bu, adi haldan 3–5 cm-ə qədər daha yüksək su səviyyəsinə səbəb ola bilər.

Mission News Theme by Compete Themes.