Orhan Həsənoğlu: Bu tarixi günün, başda Kıbrıs türk xalqı olmaqla, bütün Türk dünyası üçün xeyirli olmasını arzulayırıq
BAYRAQDAR MEDİA – “Oktyabrın 24-də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) 6-cı Cümhurbaşqan Tufan Erhürman, and içərək vəzifəsinin icrasına başlamışdır. Bu tarixi günün, başda Kıbrıs türk xalqı olmaqla, bütün Türk dünyası üçün xeyirli olmasını arzulayırıq”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında məraismdə iştirka etmiş Kıbrıs-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib.
Onun sözlərinə görə, KKTC-nin yeni dövlət başçısının andiçmə mərasimində səsləndirdiyi dərin məzmunlu, birləşdirici və gələcəyə ümid aşılayan çıxışı özündə ölkənin yeni dövrünə istiqamət verəcək mühüm mesajları ehtiva edib: “O, xüsusilə iki əsas məsələyə toxunaraq, həm sabitlik, həm də regional əməkdaşlıq baxımından mühüm mesajlar verdi. Birinci olaraq, Türkiyə Cümhuriyyəti ilə həyati əhəmiyyət kəsb edən strateji əməkdaşlığın qətiyyətlə davam etdiriləcəyi vurğulandı. Bu, iki dövlət arasında qardaşlıq bağlarının sarsılmazlığını bir daha nümayiş etdirdi. İkinci mühüm məqam isə, Türk Dövlətləri Təşkilatı ilə mövcud əməkdaşlığın inkişaf etdirilməsinə dair qəti iradə oldu. Bu yanaşma, KKTC-nin Türk dünyasındakı yerini daha da möhkəmləndirəcəkdir”.
O.Həsənoğlu deyib ki, 5-ci Cümhurbaşqanı cənab Ersin Tatar, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın əsaslarını qoymuş və bu istiqamətdə bir məşəl yandırmışdır: “Cənab Tufan Erhürman isə həmin məşəli daha da alovlandıraraq bir birlik və həmrəylik simvoluna çevirməyi bacaracaqdır. Buna tam inamımız var. Keçmişdə Azərbaycan və digər Türk dövlətləri ilə münasibətlərdə buraxılmış bəzi yanlışlıqların təkrarlanmayacağına, əksinə qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda yeni bir dövrün başlanacağına inanırıq. Daha güclü gələcək və Türk birliyinin daha sıx əlaqələri üçün aparılacaq bütün təşəbbüsləri dəstəkləməyə davam edəcəyik. Kıbrıs məsələsinə yeni nəfəs, yeni ümid və yeni bir baxış gətirəcək bu yeni dövrün bütün Türk dünyası üçün xeyirli olmasını diləyirik”.





