Son yeniləmə: 24 Oktyabr 2025
BAYRAQDAR MEDİA – “Ovçuluq haqqında” Qanunun tələblərinə riayət olunması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şabran rayonunun Xəzər dənizi sahil zolağında ov qaydalarını pozan şəxslər saxlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Türkiyə vətəndaşı Mervan Çağrı Tapınç və Bakı şəhər sakini Zahid Həsənov olduğu müəyyən edilib. Saxlanılan şəxslərin 99-FF-776 dövlət qeydiyyat nişanlı “Niva” markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş 3 Şahin quşu, 1 göyərçin və 3 tələ aşkar olunub. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraq hər birinə 2 min manat məbləğində cərimə tətbiq edilib”.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ov fəaliyyəti ilə məşğul olan şəxsləri qaydalara ciddi əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan edilmiş alətlərlə ov etməkdən çəkinməyə çağırıb.





