BAYRAQDAR MEDİA – Piyadaların iştirakı ilə baş verən qəzaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi hər zaman vacibdir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.
Xəbərdə deyilir ki, “bu məqsədlə oktyabr ayının 27-dən noyabrın 3-dək Azərbaycanda “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək. Tədbir çərçivəsində piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı nəzarət-profilaktik tədbirlərlə yanaşı, əhali arasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin daha da gücləndirilməsi nəzərdə tutulur”.
BDYPİ bir daha piyadalardan yollarda ehtiyatlı olmağı xahiş edib, eyni zamanda, ictimai təsisatları, xüsusilə media subyektlərini sözügedən tədbirə töhfə verməyə çağırıb.





