BAYRAQDAR MEDİA – Oktyabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı briqada generalı Məhəmməd Səid Əl-Səlminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “BƏƏ nümayəndələrini salamlayan müdafiə naziri onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. O, iki ölkə arasında arasında bütün sahələrdə olduğu kimi hərbi əlaqələrin də inkişaf etdiyini vurğulayıb. Z.Həsənov qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Azərbaycanda keçirilən “Sarsılmaz Tərəfdaşlıq-2025” birgə xüsusi təyinatlı qüvvələr təliminin mühüm əhəmiyyət daşıdığını qeyd edib. M.S.Əl-Səlmi isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan və BƏƏ XTQ mənsubları arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin və birgə təlimlərin faydalarını diqqətə çatdırıb”.
Ardınca xəbərdə, “görüşdə, həmçinin maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra BƏƏ nümayəndə heyəti XTQ-nin N hərbi hissəni ziyarət edib. Qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstünü və XTQ-nin xatirə abidəsini ziyarət edərək gül dəstələri düzüb, Ulu Öndərin və şəhidlərin xatirəsinə ehtiram nümayiş etdiriblər” deyə bildirilir.
BƏƏ-dən olan həmkarı ilə görüşən Azərbaycan Ordusunun XTQ komandanı general-mayor Ələkbər Cahangirov hərbi əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıb, Azərbaycan XTQ-nin fəaliyyəti və döyüş hazırlığı barədə qonaqlara ətraflı məlumat verib.
Tərəflər hər iki ölkənin xüsusi təyinatlılarının iştirakı ilə keçirilən birgə XTQ təlimlərinin hərbi qulluqçuların peşəkarlığının daha da artırılmasına töhfə verdiyini qeyd edib və bu kimi təlimlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Sonda BƏƏ nümayəndə heyətinin rəhbəri hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.





