KTAP I Dünya Nümayəndələr Qurultayına hazırlaşır
BAYRAQDAR MEDİA – Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Kuzey Kıbrıs Tanıtma Platformu (KTAP) 2025-ci ilin dekabr ayında Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) I Dünya Nümayəndələr Qurultayını keçirəcək. Bu mövzu ilə bağlı tarix gələn həftə dəqiqləşdiriləcək.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında KTAP-ın sədri Okyay Sadıkoğlu deyib.
O, bildirib ki, qurultayda Türkiyədə və dünya miqyasında aparılan fəaliyyətlər qiymətləndiriləcək, həmçinin qarşıdakı il və ilk beş il üçün fəaliyyət yol xəritəsi müəyyən ediləcək: “KKTC-nin siyasi və iqtisadi sahədə daha görünən olması üçün həyata keçirdiyimiz layihələri bu qurultayda təqdim edəcəyik. Çox önəmli qərarlar qəbul olunacaq.”
Qeyd olunub ki, qurultaya dünyanın bir çox ölkəsindən tanınmış iş adamları, sənətçilər, siyasətçilər, idmançılar və müxtəlif sahələrdə uğur qazanmış şəxslər qatılacaqlar: “KKTC-nin dostu olan müxtəlif qurum və təşkilatların da iştirak edəcəyi tədbirdə beynəlxalq səviyyədə tanıtım və lobbi fəaliyyətlərinin gücləndirilməsi hədəflənir. Öz sahələrində mühüm nailiyyətlər əldə etmiş iştirakçıların qatılacağı bu qurultayın, KKTC-nin beynəlxalq aləmdə tanıdılmasına və qlobal lobbi fəaliyyətlərinə dəyərli töhfələr verəcəyi gözlənilir”.
O.Sadıkoğlu sonda “Biz cənab Ersin Tatarın Cümhurbaşqanlığı dövründə dövlətdən heç bir maddi dəstək almadan bu işi həyata keçirmişik. Bundan sonra da yeni Cümhurbaşqanı cənab Tufan Erhürmandan belə bir tələbimiz olmayacaq. Lakin eyni şəkildə bu dövrdə də fəaliyyətimizi davam etdirəcəyik, inşallah” deyə vurğulayıb.





