Press "Enter" to skip to content

Poliklinikalarda elektron növbə sisteminin tətbiqi gözlənilir

Anar İsrafilov

Anar İsrafilov: Bakı və regionlarda yerləşən 40 tibb müəssisəsində növbə terminalı və monitorlar quraşdırılıb

BAYRAQDAR MEDİA – “Vətəndaşlara göstərilən tibbi xidmətlərə əlçatanlığın təmin olunması, eləcə də tibbi xidmətlərlə bağlı elektronlaşdırma işləri sürətli şəkildə davam etdirilir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində elektron növbə sistemi mərhələli şəkildə tətbiq olunur və bu, səhiyyə xidmətlərinin keyfiyyətli, şəffaf və effektiv təşkilinə xidmət edir”.

Bunu media təmsilçilərinə açıqlamasında TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib.

Onun sözlərinə görə, sistemin əsas məqsədi pasiyentlərin qəbul prosesini optimallaşdırmaq, canlı növbələri minimuma endirmək və vətəndaş məmnuniyyətini artırmaqdır: “Elektron növbə sisteminin tətbiqi nəticəsində pasiyentlər onlayn və ya yerində növbə götürərək rahat şəkildə qəbul üçün qeydiyyatdan keçə bilirlər. Tibb personalı qəbul planlamasını daha düzgün həyata keçirir, zamanın idarəolunması tənzimlənir. Sıra məlumatı terminal ekranlarında əks olunur”.

Direktor müavini deyib ki, hazırda bu sistemdən paytaxt və regionlardakı bəzi böyük tibb müəssisələrində aktiv istifadə olunur: “Gələcəkdə onun digər müəssisələrdə tətbiqi də nəzərdə tutulur. Hazırda Bakı və regionlarda yerləşən 40 tibb müəssisəsində növbə terminalı və monitorlar quraşdırılıb. İlin sonuna qədər poliklinikalarda da elektron növbə sisteminin tətbiqinə başlanılması gözlənilir”.

Mission News Theme by Compete Themes.