BAYRAQDAR MEDİA – Bakıda işgüzar səfərdə olan Qazaxıstanın sənaye və tikinti nazirinin müavini Raxımjan İsakulov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “qonağı MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov qəbul edib. Görüş zamanı iki qardaş ölkə – Azərbaycan və Qazaxıstan arasında elm, mədəniyyət və kitabxana işi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişaf perspektivləri müzakirə olunub. Görüş çərçivəsində R.İsakulov öz dövrünün görkəmli tarixçisi, həkimi, alimi və dövlət xadimi Fəzlullah Rəşidəddinin türk xalqlarının tarixini öyrənmək üçün mühüm mənbə hesab edilən “Came ət-təvarix” (“Tarixlər toplusu”) ikicildliyini, eləcə də qazax tədqiqatçısı və alim Yerjan İsakulov tərəfindən monqol hökmdarlığı və ondan əvvəlki dövrlərə dair materialların tərcüməsini əhatə edən “Çingiz xan” kitabını MEK-ə hədiyyə edib”.
Sonra xəbərdə, “R.İsakulov kitabxananın fəaliyyəti və zəngin fondları ilə tanış olub. MEK direktoru qonağa Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş fond və oradakı guşələr barədə ətraflı məlumat verib. R.İsakulov öz növbəsində Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib, qazilərə isə can sağlığı arzulayıb. Səfər zamanı, həmçinin Diplomatik fonda baxış keçirilib. Qonağa müxtəlif ölkələrin, o cümlədən Qazaxıstanın diplomatik nümayəndəlikləri tərəfindən MEK-ə hədiyyə edilən nəşrlər və guşələr təqdim olunub” deyə qeyd edilir.
Görüşün sonunda MEK rəhbərliyi tərəfindən qonağa Azərbaycan tarixini əks etdirən nəşrlər hədiyyə edilib.





