Press "Enter" to skip to content

Qərbin mədəniyyət yalanı

Senan KAZIMOĞLU

Son yeniləmə: 29 Dekabr 2025

Sənan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Bir müddət əvvəl Azərbaycan sosial media seqmentində paylaşılmış bir video cəlb etdi. Yaponiyaya aid olan videoda avtobusa minmək üçün növbədə dayanan insanlar və onları nizama salan, növbədə saxlayan bir vəzifəli şəxs görünürdü. Ancaq diqqətimi daha çox çəkən videonun özü deyil, ona yazılan şərhlər idi. Şərhlərin demək olar ki, hamısı yaponların nə qədər “mədəni” olduğundan, bizim isə mədəniyyət baxımından onlardan çox geridə qaldığımızdan bəhs edirdi. Doğrudanmı belədir? Yaponlar və ya şərhlərdə deyildiyi kimi, Avropa və Amerika doğrudanmı bu qədər mədənidir? Biz türklər və müsəlmanlar doğrudanmı “mədəni” deyilik?

Video yaponlardan başladığı üçün mən də söhbətə onlardan başlamaq istəyirəm. Bu gün bir çoxlarının mədəniyyət simvolu kimi gördüyü yaponlar, İkinci Dünya Müharibəsinə qədər Şərqi Asiyada qətliam, soyqırım və təcavüz törətmədikləri demək olar ki, bir xalq buraxmayıblar. Şərqi Asiyanın böyük bir hissəsi bir zamanlar Yaponiyanın müstəmləkəsi idi. Hər bir müstəmləkə dövləti kimi, işğal etdikləri torpaqlarda yerli xalqlar yapon zülmü altında əzilirdilər. İkinci Dünya Müharibəsi zamanı yaponlar milyonlarla insanı qətlə yetirdilər. Onların qətliamı təkcə insanlara qarşı deyildi, həm də mədəni irsin məhv edilməsinə yönəlmişdi. İşğal etdikləri ərazilərdə yerli xalqları zorla yaponlaşdırır, mədəni assimilyasiya siyasəti aparırdılar. Yapon imperiyasının zülmünü görmək üçün təkcə Koreya işğalına baxmaq kifayətdir. Məsələn, 1939-cu ildə Koreyadakı yapon generalının verdiyi “adların dəyişdirilməsi haqqında” qərardan sonra cəmi altı ay ərzində Koreyada adların 80 faizi yapon adları ilə əvəz olundu. Yəni bu gün bəzilərinin heyranlıqla baxdığı Yaponiyanın tarixi heç də düşündükləri qədər “mədəni” deyil.

Eyni sözləri Avropa və Amerika üçün də demək olar. Bu gün bir çoxlarının “mədəni ölkə” deyib sığındıqları Almaniya iki dünya müharibəsini başladaraq təxminən 100 milyon insanın ölümünə səbəb olub. Eyni şəkildə Avropa Birliyinin digər böyük dövləti olan Fransanın da qanlı müstəmləkə tarixi hamıya məlumdur. Xüsusən də Afrika ölkələrindəki qətliam və soyğunçuluğu… Amerika isə yaxın keçmişdə Əfqanıstan və İraqdakı qətliamlarla yadda qalıb. Maraqlıdır ki, bu ölkələr bu gün də İsrailin insanlıqdan kənar hərəkət və soyqırımlarına dəstək verərək eyni cəbhədə görünürlər.

Təəssüf ki, bəzi insanlarımız texnologiya və gücü mədəniyyətlə səhv salırlar. Bəli, saydığım bu ölkələrin hamısı iqtisadiyyat, texnologiya və siyasətdə dünya gücləridir, amma əsla mədəni deyillər. Bu adamlar hələ indi “aftafa mədəniyyətini” öyrənən tiplərdir. Bunu mən demirəm, özləri deyir. 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunda iştirak edən və Xorvatiyada tanınmış olan David Vujaniç adlı bloger öz hesabında belə yazırdı: “Qətərdə bir aydır ki, tualetdə su krantı istifadə edirəm. İngiltərədə və Avropada yalnız tualet kağızından istifadə etdiyimiz üçün tamamilə şokdayam. Bu, indiyə qədər gördüyüm ən yaxşı şeydir, dostum!”

Gəlin, əsrlərdir müzakirə olunan o məşhur sualı verək: bəs biz niyə gücsüzük? Çünki biz çalışmırıq. Bizim “çalışmaq” dediyimiz yeganə şey Qərbi təqlid etməkdir. Ya təqlid edirik, ya da Amin Maaloufun dediyi kimi, “qoca qarı kim” gileylənirik.

Bu uyuşuqluqdan xilas olmağın yeganə yolu isə Aliya İzzetbegoviçin sözlərindədir: “Biz açıq şəkildə deyirik ki, günümüzdə vəd edilmiş bir ölkə, möcüzə göstərənlər və qurtarıcılar yoxdur. Yalnız əməyin, mübarizənin və uğuruna qurban verilən yolun özü var”.

Mission News Theme by Compete Themes.