BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar İnnovasiya Mərkəzi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə regionlarda toxum sərgi-satış yarmarkaları uğurla davam etdirilir. Növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası Şəki şəhərində təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “Yarmarka KTN-in Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirin əsas məqsədi regionda toxumçuluq sahəsinin inkişaf perspektivlərini nümayiş etdirmək, yerli fermerlərin satış imkanlarını genişləndirmək, sahibkarlığın təşviqi və yeni tərəfdaşlıq əlaqələrinin qurulmasına dəstək verməkdir.
Tədbirin rəsmi açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkədə kənd təsərrüfatı sahəsində aparılan islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sektorun dinamik inkişaf etdiyini vurğulayıb. O, fermerlərin keyfiyyətli və sertifikatlaşdırılmış toxumlarla təmin olunması, innovativ texnologiyaların tətbiqi və məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb”.
Daha sonra xəbərdə, “sərgi çərçivəsində Şəki şəhərindən toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, eləcə də yerli fermerlər məhsullarını nümayiş etdiriblər. Festival zamanı iştirakçılara müasir texnologiyalar, gübrə və toxum nümunələri, güzəştli kredit imkanları barədə məlumatlar təqdim olunub, habelə təlimlər keçirilib. Festival iştirakçılarına KTN tərəfindən təşkil edilmiş vahid stenddə regionun aqroiqlim və torpaq şəraitinə uyğun tövsiyə olunan toxum növləri, o cümlədən “Yubiley 90”, “Mətin”, “Əsgəran”, “Arsenal”, “Lider” və “Ləyaqətli 80” yumşaq buğda sortları və “Dəyanətli”, “Cəlilabad 19”, “Sadiq”, “İdra” və digər arpa növləri təqdim olunub” deyə bildirilir.





