İşgüzar səhər yeməyi maraqlı çıxışlarla yadda qalıb
BAYRAQDAR MEDİA – “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” adlı işgüzar səhər yeməyi tədbiri təşkil olunub. Tədbirin fəxri qonağı Türkiyənin Əmək və Sosial Müdafiə nazirinin müavini Ahmet Aydın olub.
Bu barədə TÜİB-dən məlumat verilib.
Məlumata görə, tədbirdə həmçinin Türkiyənin Azərbaycandakı Səfirliyinin Çalışma və Sosial Güvenlik Müşaviri Fatih Bilal Alodalı, Baş Ticarət Müşaviri Nevzat Bozkurt, TÜİB üzv şirkətlərinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Məlumatda deyilir ki, tədbir çərçivəsində TÜİB İdarə Heyətinin üzvü Salih Tüfekçi Birliyin fəaliyyəti, layihələri və iki ölkə arasında əməkdaşlıq istiqamətləri barədə təqdimatla çıxış edib.
Ahmet Aydın: Azərbaycan-Türkiyə münasibətləri strateji və qardaşlıq bağları üzərində qurulub
Sonra nazir müavini Ahmet Aydın çıxış edib. O, çıxışı zamanı son üç gündə Azərbaycanda keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edərək bildirib: “Azərbaycanda fəaliyyət göstərən bir çox türk iş adamlarının uğurlu layihələr həyata keçirdiyinə şəxsən şahid oldum”.

O, qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri strateji və qardaşlıq bağları üzərində qurulub. Həm azərbaycanlı, həm də türkiyəli iş adamlarından ibarət TÜİB bu münasibətlərin iqtisadi sahədə inkişafına böyük töhfə verir: “Hüseyin Büyükfıratın rəhbərliyi ilə TÜİB-in gördüyü işlər təqdirəlayiqdir”.
TÜİB-in yeni üzvlərinə üzvlük plaketləri təqdim edilib
Məlumat deyilir ki, tədbirdə həmçinin TÜİB-in yeni üzvlərinə üzvlük plaketləri təqdim edilib: “Eyni zamanda TÜİB-in yeni üzvü olan Abşeron Logistika Mərkəzi barədə məlumat iştirakçılara Elməddin Hüseynov tərəfindən təqdim edilib. O, mərkəzin fəaliyyəti, “Biznes Park Abşeron” layihəsi və logistika sahəsində yaradılan imkanlar haqqında ətraflı danışıb”.
Hüseyin Büyükfırat: TÜİB olaraq iki ölkə arasında iqtisadi və mədəni münasibətlərin inkişafına töhfə vermək üçün çalışırıq
Sonda çıxış edən TÜİB sədri Hüseyin Büyükfırat çıxışında vurğulayıb ki, Birlik iki qardaş ölkə arasında iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində ardıcıl fəaliyyət göstərir: “TÜİB olaraq iki ölkə arasında iqtisadi və mədəni münasibətlərin inkişafına töhfə vermək üçün çalışırıq. Bu gün cənab Ahmet Aydının iştirakı ilə təşkil etdiyimiz bu proqramda üzvlərimizlə bir araya gələrək əməkdaşlıq imkanlarını müzakirə etdik”.

“Məqsədimiz hər iki ölkənin iqtisadiyyatına həm istehsal, həm də məşğulluq baxımından dəyər qatmaq, birgə inkişaf və tərəqqiyə xidmət etməkdir” deyə H.Büyükfırat sonda əlavə edib.
Tədbir səmimi atmosferdə keçib, iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və geniş networking imkanı yaranıb.









