BAYRAQDAR MEDİA – Noyabrın 5-də Gürcüstanın Bolnisi Muzeyində Azərbaycanın Xalq rəssamı, görkəmli qrafika ustası, Prof. Arif Hüseynovun “Zamanın ilmələri” layihəsi çərçivəsində yaratdığı əsərlərdən ibarət sərgi açılacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “xalçatoxuma ənənələrinin güclü olduğu, azərbaycanlıların kompakt şəkildə yaşadığı Bolnisi bölgəsində təşkil edilən sərgidə sənətkarın 2024–2025-ci illərdə ərsəyə gətirdiyi 12 rəsm əsəri nümayiş olunacaq. A.Hüseynovun milli adət-ənənələrə sevgisini, bağlılığını tərənnüm edən, maraqlı süjet xəttinə malik silsilə əsərlər kətan üzərində qarışıq texnikada çəkilib. Sərgidə rəssamın “İki qəlbin hekayəsi” əsəri əsasında toxunan xalça da təqdim ediləcək. Azərbaycan Milli Xalça Muzeyinin (AMXM) Ənənəvi texnologiya şöbəsində toxunan xalça 70 rəng çalarından istifadə olunaraq yaradılan mürəkkəb kompozisiyalı sənət nümunəsidir”.
Sonra xəbərdə, “qeyd edək ki, sənətkarın əsəri ilk dəfə xalça dilinə çevrilib. Xalçanın yaranma mərhələlərini əks etdirən əsərlər həmçinin süni intellekt vasitəsilə yaradılan videoçarx vasitəsilə də təqdim olunacaq. Layihə çərçivəsində Bolnisi sakinləri və qonaqları üçün AMXM-in Uşaq şöbəsinin əməkdaşları tərəfindən “Xalça necə yaranır?” ustad dərsi keçiriləcək. Onlar xalçanın hazırlanmasının bütün mərhələlərində – qoyunun qırxılması, yunun daranması, əyrilməsi və xalçanın toxunması proseslərində iştirak edəcəklər” deyə bildirilir.
Azərbaycan və Gürcüstan mədəniyyət nazirliklərinin dəstəyi, AMXM və Gürcüstan Milli Muzeyinin təşkilatçılığı ilə həyata keçirilən sərgi dekabrın 5-dək davam edəcək.





