Press "Enter" to skip to content

Bu məsələdə hər kəs fəal olmalıdır

Tədbir zamanı

Ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayı çərçivəsində “Xərçəngdən güclüsən” adlı tədbir keçirilib

BAYRAQDAR MEDİA – TƏBİB və “PAŞA Həyat Sığorta” ASC-nin təşkilatçılığı ilə Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayı çərçivəsində “Xərçəngdən güclüsən” adlı tədbir keçirilib. Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavinləri – Araz Nəsirov, Anar İsrafilov, “PAŞA Həyat Sığorta”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Dilara Babayeva, struktur bölmə rəhbərləri, əməkdaşlar, tibb müəssisələrinin həkim-onkoloqları və digər şəxslər iştirak ediblər.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Anar İsrafilov:Bu işdə bizə bütün cəmiyyət, kütləvi informasiya vasitələri kömək etməlidir

Məlumata görə, açılış nitqi ilə çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov bildirib ki, dünyada hər səkkiz qadından biri xərçəngdən əziyyət çəkir.

Anar İsrafilov
Anar İsrafilov

O, qeyd edib ki, qadınlar müalicəyə cəlb olunarsa, sonrakı beş il ərzində onların yaşama şansı 90-95 faizdir:“Bütün 40-69 yaş arası qadınlar iki ildən bir müayinədən keçməlidirlər. Mammoqrafik müayinə çox sadədir. Bu prosesdə maarifləndirmə çox önəmlidir. Bu işdə bizə bütün cəmiyyət, kütləvi informasiya vasitələri kömək etməlidir”.

Dilara Babayeva: Ümumilikdə 500-dən çox insanın təmənnasız müayinədən keçməsini təmin etmişik

Sonra “PAŞA Həyat” ASC-nin İdarə Heyətinin üzvü Dilara Babayeva çıxış edib.

Dilara Babayeva
Dilara Babayeva

D.Babayeva qeyd edib ki, qurum tərəfindən maarifləndirmə istiqamətində bir çox işlər görülür: “Üç il əvvəl “GüclüSən” cəmiyyəti yaradılıb. Layihə çərçivəsində müxtəlif maarifləndirici tədbirlər həyata keçirilib. TƏBİB, RİİB və bir sıra digər təşkilatlarla əməkdaşlıq çərçivəsində bu tədbirləri yalnız paytaxtda deyil, bir sıra regionlarda da təşkil edərək, ümumilikdə 500-dən çox insanın təmənnasız müayinədən keçməsini təmin etmişik”.

Nigar Rüstəmli: Aztəminatlı ailələr, valideyn himayəsindən məhrum uşaqlar və ahılların da cəlb edildiyi bir çox layihələr icra edilib

TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli layihə ilə bağlı ətraflı məlumat verərək bildirib ki, 2025-ci il ərzində 22 region üzrə üç mindən çox qadın süd vəzi xərçəngi ilə bağlı müayinələrə cəlb olunub: “Həmçinin tərəfdaşlarımızla birgə işğaldan azad olunan ərazilərimizdə skrininq müayinələr həyata keçirilib. Aztəminatlı ailələr, valideyn himayəsindən məhrum uşaqlar və ahılların da cəlb edildiyi bir çox layihələr – “Peşə Günləri”, “Ucqar rayonlarda səyyar müayinə”, “Yaşa dolduqca yaşa”, “Autizm xəstəlik deyil, fərqlilikdir” tərəfimizdən icra edilib”.

Nigar Rüstəmli
Nigar Rüstəmli

N.Rüstəmli TƏBİB-in yaxın günlərdə istifadəyə veriləcək, korporativ sosial məsuliyyət (KSM) yönümlü təşəbbüsləri bir araya gətirən, yaradıcı, innovativ və strateji layihələri paylaşan və inkişaf etdirən “Layihə Hovuzu” platforması ilə bağlı da iştirakçıları məlumatlandırıb.

Nərmin Axundova
Nərmin Axundova

Nərmin Axundova: 2025-ci ildə Gəncə şəhərində 300-dən çox şəxsin süd vəzi xərçəngi müayinəsi həyata keçirilib

Sonda çıxış edən həkim-onkoloq Nərmin Axundova 2025-ci ildə Gəncə şəhərində 300-dən çox şəxsin süd vəzi xərçəngi müayinəsinin həyata keçirilməsindən danışıb:“Gəncədə keçirilən müayinələrdə 8 qadında erkən mərhələdə süd vəzi xərçəngi aşkarlanıb. Erkən müdaxilə nəticəsində həmin şəxslərdə xəstəlik vaxtında aşkarlanıb və müalicələrə cəlb olunub”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlər planına, həmçinin TƏBİB-in 2025-2027-ci illər üzrə Strateji Planının hədəflərindən biri də onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasıdır.

Mission News Theme by Compete Themes.