Press "Enter" to skip to content

Məktəb təşəbbüsü: valideyn növbətçiliyi

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 53 nömrəli tam orta ümumtəhsil məktəbində maraqlı təşəbbüs həyata keçirilir. Belə ki, məktəb-valideyn əməkdaşlığının təşviqi və təhlükəsiz məktəb mühitinin daha da gücləndirilməsi istiqamətində təhsil müəssisəsində valideyn növbətçiliyi tətbiq olunur.

Bu barədə BAYRAQDAR MEDİA-ya İdarənin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “təşəbbüs çərçivəsində hər gün müxtəlif siniflər üzrə bir neçə valideyn növbəlilik əsasında məktəbdə olur, dərs prosesindən kənar vaxtlarda, xüsusilə tənəffüslərdə nizam-intizamın qorunmasına nəzarət edir, şagird davranışlarını daha yaxından izləyir, səmərəli və təhlükəsiz məktəb mühitinin formalaşmasına dəstək olurlar. Yeni təşəbbüsün məqsədi məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsi, şagirdlərin davranış mədəniyyətinə və təhlükəsizliyinə diqqətin artırılması, həmçinin valideynlərin məktəb həyatına daha yaxından cəlb olunmasından ibarətdir”.

Məlumata görə, məktəb rəhbərliyi bu addımın məktəb icmasının təhsilə dəstəyinin gözəl nümunəsi olmaqla yanaşı, həm də şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, onların davranışlarını obyektiv qiymətləndirməyə, təhsil ocağına etimadın daha da artmasına töhfə verəcəyini düşünür.

Mission News Theme by Compete Themes.