Press "Enter" to skip to content

Ortaq əlifba türk ailəsi üçün ümid mənbəyidir

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası

BAYRAQDAR MEDİA Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının türk xalqları üçün təklif edilən ortaq əlifba təşəbbüsü ilə bağlı Bəyanatını təqdim edir:

Türk Dövlətləri Təşkilatında irəli sürülən ortaq əlifbaya dair Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının (GATƏŞ) Bəyanatı

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası (GATƏŞ), Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Toplantısında irəli sürülən ortaq türk əlifbası – yəni türk xalqları üçün ortaq yazı sistemi kimi qəbul edilməsi təklifini böyük məmnuniyyət və güclü dəstəklə qarşılayır. Bu təşəbbüs türk dünyasının mədəni, elmi və texnoloji inteqrasiyasını gücləndirmək istiqamətində mühüm addımdır və xalqlarımızı birləşdirən ortaq dil, tarix və sivilizasiya köklərini əks etdirir.

Latın qrafikalı ortaq türk əlifbasının qəbul edilməsi türk dövlətləri arasında əlaqə və əməkdaşlığı dərinləşdirməklə yanaşı təhsil, elm, mədəniyyət və rəqəmsal sahələrdə də yeni imkanlar yaradacaqdır. İran rejiminin məhdudlaşdırıcı və assimilyasiya siyasətləri altında yaşayan Güney Azərbaycan türkləri və digər türk toplumları üçün bu təşəbbüs milli kimliyin qorunması, yenidən dirçəlməsi və geniş türk ailəsi ilə bağların möhkəmlənməsi baxımından böyük ümid mənbəyidir.

GATƏŞ eyni zamanda, Türkiyədə 10 oktyabr 2025-ci il tarixində Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən imzalanaraq qüvvəyə minmiş 33043 saylı Qanunu da məmnuniyyətlə qarşılayır. Bu qanun türk soylu şəxslərin Türkiyədə peşə və sənət fəaliyyətlərini sərbəst şəkildə həyata keçirməsinə şərait yaratmaqla, türk xalqları arasında hüquqi və institusional birliyi gücləndirən önəmli addımdır.

Türkiyənin bu istiqamətdə göstərdiyi liderlik türk dünyasının həmrəyliyi və birliyinin möhkəmlənməsinə böyük töhfə verir. GATƏŞ bu istiqamətdə – “Azadlıq, Ədalət və Milli Hökumət” idealları çərçivəsində türk xalqları arasında dil, mədəniyyət və milli əməkdaşlığın daha da inkişaf etdirilməsinə sadiqliyini bir daha bəyan edir.

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası – GATƏŞ

1. Azərbaycan Demokrat Firqəsi – ADF
2. Azərbaycan Mərkəz Partiyası – AMP
3. Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
4. Azərbaycan Öyrənci Hərəkatı – AZOH
5. Güney Azərbaycan Cümhuriyyət Partiyası – ACP
6. Güney Azərbaycan Demokrat Partiyası – GADP
7. Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
8. Güney Azərbaycan Milli Dövlət Alyansı– MDA
9. Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP

Mission News Theme by Compete Themes.