BAYRAQDAR MEDİA – Şübhəli zənglər, bank əməkdaşı, yaxın qohum və digər bu kimi qurama obrazlar… Hələ son deyil… Siyahıya elektron platformalardan göndərilən saxta keçidləri, sosial şəbəkələr üzərindən edilən şirnikləndirici reklamları və daha nələri-nələri əlavə etmək olar. Kiberdələduzlar cinayətkar niyyətlərini həyata keçirmək üçün fərqli ssenarilər qurur, istifadə etdikləri üsul və vasitələri dəyişirlər. Məqsəd isə dəyişməz olaraq qalır.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “kartlara kənar müdaxilənin yalnız bir yolu var: kart məlumatlarını, CVV, 3D təhlükəsizlik, SMS vasitəsilə göndərilən təsdiq kodları, kartın məxfi şifrələrini ələ keçirmək və bununla da pulu talamaq. Ona görə də kimin hansı məqsədlə zəng etməsindən asılı olmayaraq sosial şəbəkələr, digər internet resurslarından daxil olan təklifləri dəqiqləşdirmədən şəxsi və bank kartı məlumatları heç kimlə bölüşməmək məsləhət görülür. Şübhəli gələn hallara reaksiya verməyə tələsməyib, bu barədə dərhal polisə müraciət etmək lazımdır”.





