102 il öncə məhz bu tarixdə, oktyabrın 29-da Mustafa Kemal Atatürk və silahdaşları imkansızı imkana çevirərək tarix yazdılar
BAYRAQDAR MEDİA – Bu gün qardaş Türkiyədə mühüm gün-29 Ekim Cümhuriyyət Bayramıdır. Bu bayram qardaş ölkədə bayramlar içərisində ilk sırada dayanır. Çünki 102 il öncə məhz bu tarixdə, oktyabrın 29-da Mustafa Kemal Atatürk və silahdaşları imkansızı imkana çevirərək tarix yazdılar. Elə bir tarix ki, bu, təkcə Türkiyə türklərinin deyil, dünyadakı bütün türklərin ayaqda, sağlam qalmasına və gələcəyə inamla baxmasına vəsilə oldu.
“Egemenlik kayıtsız, şartsız millətindir”
Məlumat üçün bildirək ki, 23 aprel 1920-ci ildə formalaşdırılan Türkiyə Böyük Millət Məclisi tərəfindən 1923-cü il oktyabrın 29-da bir konstitusiya dəyişikliyi edilərək, dövlətin idarə üsulu cümhuriyyət olaraq dəyişdirilmişdi. Hazırda dünyanın əksər dövlətlərinin üstünlük verdiyi xalqın iradəsinə əsaslanan demokratik idarəçiliyi 102 il öncə Türkiyə Cümhuriyyəti tətbiq etdi. Cümhuriyyətin banisi, Ulu öndər Mustafa Kemal Atatürk bunu “egemenlik kaytsız, şartsız millətindir” kəlamı ilə dəyərləndirib.

Bu gün Türkiyə Cümhuriyyəti deyəndə bütün azadlıqların, hüququn aliliyinin təmin edildiyi, modern dünyaya inteqrasiya edən, BMT-yə üzv 190-na yaxın ölkə içərisində iqtisadi gücünə görə dünyada mühüm yerlərdən birini tutan, hərbi sahədə qüdrətli, dünyanın ən güclü ordusuna malik ölkələr içərisində, həmçinin silah ixracına görə dünyada 11-ci yerdə qərarlaşan, regional və qlobal gücə çevrilən bir dövlətdən bəhs edirik. Bütün bunların hamısı Ulu öndər Mustafa Kemal Atatürk və silahdaşlarının qurduqları Cümhuriyyət sayəsində qazanılıb. Bir sözlə, Türkiyə Cümhuriyyəti 102-ci ildönümünü bu uğurlarla qeyd edir
Recep Tayyip Erdoğanın həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət nəticəsində bu gün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir
Təbii ki, Türkiyənin bu gün əldə etdiyi güc, nüfuz və imkan Cümhurbaşqanı Recep Tayyip Erdoğanın rəhbərliyi ilə həyata keçirilən siyasətlə birbaşa bağlıdır. Məhz onun rəhbərliyi ilə Türkiyə Cümhuriyyəti ötən illər ərzində bütün sahələrdə uğurlar qazanaraq, dünyanın aparıcı aktorlarından birinə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana ünvanladığı təbrik məktubunda da qeyd edildiyi kimi məhz Recep Tayyip Erdoğanın həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət nəticəsində bu gün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir, böyük uğurlara imza atır, beynəlxalq məsələlərdə söz sahibi olan güclü və qüdrətli dövlət kimi tanınır. Qlobal aləmdə və regionda cərəyan edən proseslərdə fəal və prinsipial mövqeyi, sülhün, sabitliyin bərqərar olması üçün səyləri Türkiyəyə dünyada böyük nüfuz və etimad qazandırmışdır.
“Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur
Eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığı da öz sarsılmazlığı ilə dünyaya nümunədir. Prezident İlham Əliyevin sözügedən məktubunda qeyd edildiyi kimi, xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrimizin gündən-günə daha da dərinləşməsi və yeni məzmun kəsb etməsi qəti siyasi iradəmizin və ardıcıl birgə səylərimizin parlaq ifadəsidir.
Bu gün dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və müttəfiqliyi eyni zamanda regionda sülhə, təhlükəsizliyə, rifaha və əməkdaşlığa xidmət edən mühüm amildir.
Qardaş ölkəni bir daha milli bayram – 29 Ekim Cümhuriyyət Bayramı münasibətilə təbrik edirik!









